×
A
A
A
Sazlamalar

Ekspert: Ermənistanın vətəndaş cəmiyyəti də dağ-mədən sənayesinin ətraf mühitə mənfi təsirinə etiraz edir

Bakı, 12 iyul, AZƏRTAC
Ermənistanın dağ-mədən sənayesində aparılan işlərin ətraf mühitə regional və qlobal təsirləri çox ciddi ekoloji böhrana yol açır. Bu ölkə BMT-yə üzv olmasına baxmayaraq, həmin təşkilatın qanun və konvensiyalarını ciddi şəkildə pozur. Ermənistanın öz vətəndaş cəmiyyəti, qeyri-hökumət təşkilatları belə bununla bağlı etirazlarını bildirirlər. Bu, region üçün çox ciddi məsələyə çevrilib.
Bunu AZƏRTAC-a müsahibəsində “Səma və EKO” İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri İradə Həsənova deyib.
İctimai Birliyin sədrinin sözlərinə görə, Ermənistanın dağ-mədən sənayesinin tullantıları Azərbaycana gələn bütün çayları zəhərləyir. Ətraf mühitin və onun komponentlərinin bu cür mənfi təsirə məruz qalması nəinki Azərbaycanı, eyni zamanda, Gürcüstan, Türkiyə, hətta Ermənistanın özünü ekoloji təhlükə ilə üz-üzə qoyur: "Həm atmosferə buraxılan qazlar müxtəlif xəstəliklər yaradır, həm də su hövzələri çirkləndirilir. Nəinki Arazdəyəndə, Ermənistanın bir çox yerində tikilən zavodların tullantıları hamısı çaylara axıdıldığı üçün su ehtiyatlarımıza çox ciddi şəkildə zərər dəyir. Həmin çaylardan nəinki Azərbaycan, Gürcüstan, Ermənistanın özü də istifadə edir. Çayların suyundan kənd təsərrüfatında geniş istifadə edildiyi üçün iqtisadiyyatın bu önəmli sahəsi də böyük ziyana məruz qalır. Nəticədə xərçəng xəstəliyinə, müxtəlif dəri xəstəliklərinə, epidemiyalara səbəb olur. Buna görə də indi də Gürcüstanla birlikdə bəyannamə hazırlayıb Ermənistanın baş naziri Nikol Paşinyana ünvanladıq. Ümumiyyətlə, BMT-yə üzv olan ölkələr sağlamlıq, ətraf mühitlə bağlı qərarlar qəbul edir və yerinə yetirmək üçün öhdəlik götürürlər. Ermənistan isə həmin qərarların heç birinə məhəl qoymur. Bu səbəbdən onların törətdiklərinə ekoloji terror demək olar. Ermənistan ərazisində Kanada, ABŞ, Fransa, Almaniya kimi ölkələrin maraqları var. Həmin ölkələr metallurgiya zavodları tikir və digər region ölkələrini nəzərə almırlar".

Ekologiya 2023-07-12 15:53:00