×
A
A
A
Sazlamalar

Proqram təminatının sınaqdan keçirilməsində standartların tətbiqi ilə bağlı araşdırma aparılır

Bakı, 11 iyul, AZƏRTAC

İnformasiya Texnologiyaları İnstitutunda proqram təminatının sınaqdan keçirilməsində standartların tətbiqi ilə bağlı araşdırma aparılır.
Bu barədə AZƏRTAC-a institutun böyük elmi işçisi Nəzakət Məlikova məlumat verib. Tədqiqatçı qeyd edib ki, işin məqsədi proqram sistemlərinin sınağında standartların tətbiq edilməsi, həmçinin proqram təminatının keyfiyyətinin yüksəldilməsi üçün tətbiq edilən standartların vacibliyinin göstərilməsidir. Standartlaşdırma obyektlərin təhlükəsizliyinin və keyfiyyətinin yüksəldilməsinə yönəldilmiş, kütləvi və təkrar istifadə üçün nəzərdə tutulan normativ sənədlərin hazırlanması, qəbulu və tətbiqi prosesindən ibarət fəaliyyətdir. İnformasiya təhlükəsizliyini təmin etməyin yollarından biri də proqram təminatının işlənilməsi zamanı onun normativ bazasının reqlamentləşdirilməsi və standartlaşdırılmasından ibarətdir.
N.Məlikova diqqətə çatdırıb ki, Azərbaycanda İKT-nin inkişafına təkan vermək üçün beynəlxalq tələb və tövsiyələrə uyğun milli standartların hazırlanması ilə bağlı işlər Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (indiki Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi) və Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsinin birgə əmri ilə yaradılan və 2008-ci ildən fəaliyyət göstərən Standartlaşdırma üzrə “İnformasiya Kommunikasiya Texnologiyaları” Texniki Komitəsi tərəfindən həyata keçirilir.
“Proqram təminatının verifikasiya metodları onun xüsusiyyətlərinin qoyulan tələblərə uyğun gəldiyini təsdiq etmək üçün nəzərdə tutulub”, - deyən N.Məlikova bu metodların təyinatına və son nəticəyə çatma üsullarına görə müxtəlif olduğunu da vurğulayıb: “Proqram təminatının texniki vəziyyəti və iş qabiliyyətinin qiymətləndirilməsinə yönəlmiş verifikasiya metodları əsasən ekspertiza, statik analiz, formal metodlar, dinamik analiz və sintetik metodlar kimi təsnif edilir”.
O bildirib ki, hazırda 5 müxtəlif beynəlxalq sınaq standartı mövcuddur. Bu standartlar hazırlanmış və sınaqdan keçirilən proqram təminatının keyfiyyətini təmin etməyə kömək edir. Sifarişçinin tələblərinə cavab verə biləcək keyfiyyətli proqram təminatının işlənilməsi üçün onun normativ bazası reqlamentləşdirilməli və standartlaşdırılmalıdır. Proqram mühəndisliyi üzrə standartlar durmadan inkişaf etdirilir, dövri şəkildə nəzərdən keçirilir və lazım gəldikdə yenilənir.

Texnologiya 2023-07-11 17:46:00