×
A
A
A
Sazlamalar

Pilotsuz uçuş aparatları ilə bağlı araşdırmalar aparılır

Bakı, 10 iyul, AZƏRTAC

İnformasiya Texnologiyaları İnstitutunda pilotsuz uçuş aparatları ilə bağlı araşdırmalar aparılır.
Bu barədə AZƏRTAC-a institutun əməkdaşı Lalə Əliyeva məlumat verib.
Qeyd olunub ki, tədqiqat zamanı pilotsuz uçuş aparatının apertur antenalarının əsas parametrləri qiymətləndirilib. Bildirilıb ki, radiotexniki qoşunlar fəza sahəsinin fasiləsiz nəzarəti üçün düşmənin hava hücumu qüvvələrinin uçuşunda radiolokasiya kəşfiyyatının aparılmasına xüsusi diqqət yetirməlidirlər. Onlar müasir radiolokasiya stansiyası (RLS) ilə təchiz olunmaqla, sutkanın və ilin bütün vaxtlarında meteoroloji və müxtəlif maneə şəraitindən asılı olmayaraq, bütün hündürlüklərdə hava vasitələrini aşkar etməli, tanımalı və onların dəqiq koordinatlarını təyin etməlidirlər. Bundan başqa, alınan məlumatların raket qoşunlarına, hərbi və mülki aviasiyaya ötürülməsi təmin edilməlidir.
L.Əliyeva hava hücumundan müdafiə qoşunlarında kəşfiyyat RLS vasitəsilə fəza şəraiti haqqında əsas informasiya mənbəyinin təyin edildiyini diqqətə çatdırıb. Qeyd edib ki, tədqiqat işində pilotsuz uçuş aparatında yerləşdirilən RLS-in apertur antenaların bütün texniki parametrləri hesablanmaqla optik diapazonda olan fotokameradan fərqli olaraq, burada yer səthinin müşahidəsinin istənilən hündürlükdə və mühitdə aparılmasının mümkünlüyü müəyyən edilib.

Texnologiya 2023-07-10 16:19:00