×
A
A
A
Sazlamalar

Ermənistan ekoloji məsələlərlə bağlı gərginliyin yaranmasına şərait yaradır - ŞƏRH

Bakı, 7 iyul, AZƏRTAC

Artıq bir neçə müddətdir, Ermənistan və Azərbaycan arasında olan münaqişə sferası hərbi gərginliklə yanaşı, ekoloji məsələləri də özündə ehtiva etməyə başlayıb. Aydın məsələdir ki, uzun sərhəd xətti ilə bir-birinə qonşu olan ölkələr arasında mütəmadi olaraq ekoloji məsələlər də gündəmə gəlir. Buna səbəb isə tərəflərdən birinin qonşu ərazilərə qarşı etinasız davranışı halları ilə müşahidə olunur.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin aparıcı məsləhətçisi Paşa Bayramov söyləyib.
Onun sözlərinə görə, son zamanlarda Ermənistan tərəfi açıq və aydın şəkildə ekoloji məsələlərlə bağlı gərginliyin yaranması üçün şərait yaradan addımlar atır.
“Ötən müddət ərzində yayılan məlumatlara əsasən Ermənistan Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd bölgədə - Arazdəyəndə iri metallurgiya zavodu inşa etməyi planlaşdırırdı. Zavodun tikilməsi məhz ABŞ investisiyası hesabına planlaşdırılıb. Son 10 il ərzində və hətta daha öncədən də ekoloji baxımdan vəziyyətin eskalasiyası Oxçuçayın çirkləndirilməsi ilə daha da geniş vüsət alıb. Son olaraq isə Azərbaycan QHT-ləri bu məsələlərin araşdırılması üçün Ermənistan baş naziri Nikol Paşinyana açıq məktub ünvanlayıb. Bu məktubun məğzində qeyd edilən və sıralanan bütün problemlər bir fakt olaraq ortadadır. Bu problemlər uzun müddətdir ki, var və yeni deyildir. Nəticə etibarilə belə bir məktubun ünvanlanması olduqca labüd hal idi. Nəzərə almaq lazımdır ki, məktubun məğzi də sadəcə ekosistemə zərər verilməməsidir”, - deyə Paşa Bayramov vurğulayıb.
O əlavə edib ki, bütün dünyada hazırda ekoloji məsələlər, qlobal istiləşmə kimi mövzular gündəmdədir. Belə olan halda bütün qərb parlamentlərinin gündəmi öz ölkələrinin ekoloji durumudursa, bu zaman Azərbaycanda da gündəmin hazırda bu mövzu olması olduqca başa düşülən hal kimi qəbul edilməlidir. Dövlət səviyyəsində verilən açıq mesajlarla yanaşı, QHT-lərin də bu məzmunda birgə çıxışı təqdirəlayiq haldır.

Ekologiya 2023-07-07 16:19:00