×
A
A
A
Sazlamalar

Ermənistanın dağ-mədən sənayesinin tullantıları birbaşa və dolayısı yolla Azərbaycanın çaylarını çirkləndirir

Bakı, 7 iyul, AZƏRTAC

Ermənistanın dağ-mədən sənayesi Cənubi Qafqaz bölgəsində ciddi ekoloji təhdid halına gəlib. Bununla bağlı Azərbaycanın vətəndaş cəmiyyətinin fəalları, qeyri-hökumət təşkilatları (QHT) dəfələrlə beynəlxalq təşkilatlara müraciət ünvanlayıb. Bu dəfə Ermənistanın baş naziri Nikol Paşinyana müraciət etmişik. Müraciətdə Ermənistanın beynəlxalq ekoloji norma və standartları kobud şəkildə pozduğu, bu ölkənin dağ-mədən sənayesində aparılan işlərin ciddi regional və qlobal ekoloji böhrana yol açdığı bildirilir. Vəziyyət həqiqətən də kritik həddə çatıb. Ermənistan beynəlxalq öhdəliklərə əməl etmir.
Bunu AZƏRTAC-a müsahibəsində vətəndaş cəmiyyəti təşkilatlarının Ermənistanın dağ-mədən sənayesinin Cənubi Qafqaz regionunda ekoloji sabitliyi pozması barədə Baş nazir Nikol Paşinyana ünvanlandığı açıq məktubunun müəlliflərindən biri - “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli deyib.
E.Cəfərlinin sözlərinə görə, BMT Dayanıqlı İnkişaf Məqsədləri ekoloji, sosial və iqtisadi problemlərin həlli üçün hərtərəfli çərçivə təqdim edir. BMT-yə üzv dövlətlər təmiz hava, təhlükəsiz içməli su və sanitariya kimi amilləri sağlamlığın ətraf mühit amilləri kimi tanıyıblar. Eyni zamanda, BMT tərəfindən təmiz, sağlam və davamlı ətraf mühit əsas insan hüququ kimi tanınır. Lakin Ermənistan bu ekoloji cinayətləri törətməklə BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin tamamilə əleyhinə çıxış edir.
“Məlumdur ki, Ermənistanın Qacarandakı Zəngəzur Mis-Molibden Kombinatının, Qafandakı dağ-mədən kombinatının xrom, nikel, mis, molibden, sink, alüminium, vanadium, qurğuşun və digər ağır metal tərkibli mədən tullantıları Oxçuçayı və Araz çayını çirkləndirir. Burada heç bir ekoloji norma gözlənilmədən il ərzində orta hesabla 20 milyon ton filiz emal edilir. Kombinatın mədən tullantıları hovuzu olan 270 milyon kvadratmetrlik Artsevanik su anbarı bütün region üçün təhdiddir. Qafan dağ-mədən kombinatının tərkibində 4.6 milyon kvadratmetr ərazini əhatə edən Gütqum mədən tullantısı anbarı region üçün təhlükə saçır. Əkərək Mis-Molibden Kombinatının da ağır metal tərkibli mədən tullantıları Kərçivançay vasitəsilə Araz çayını zəhərləyir. İl ərzində burada orta hesabla 4 milyon ton filiz emal edilir. Kombinatın Davazam tullantı anbarında hazırda təxminən 36,8 milyon kubmetr təhlükəli tullantı toplanması barədə məlumatlar yayılıb. Tullantı anbarının suyu transsərhəd Araz çayına tökülür.
Göyçə vilayətindəki ildə təxminən 10 min unsiya qızıl hasil edən Daşdəm Qızıl Mədəni yerli su təchizatını aramsız şəkildə çirkləndirir. Mədənin çirkab sularında arsen və civə kimi insan sağlamlığına və ətraf mühitə zərərli ağır metalların yüksək qatılığı aşkar edilib. Mədənin çirkab suları yaxınlıqdakı çayları, o cümlədən əsas içməli su mənbəyi olan Bərgüşad çayını da zəhərləyir. Bərgüşad çayı isə Araza tökülür. Ermənistanın Lori vilayətindəki Axtala mədəni ildə təxminən 5 min ton mis və qurğuşun istehsal edir. Mədənin çirkab suları yaxınlıqdakı Tona çayını çirkləndirir. Həmin çay isə Kür çayına tökülür”, - deyə E.Cəfərli qeyd edib.
İctimai birlik sədrinin sözlərinə görə, dünyanın ən böyük manqan zavodlarından biri olan Qafan Manqan Zavodu manqan filizi, manqan dioksidi və digər manqan məhsulları istehsal edir, illik hasilatı təxminən 1,5 milyon ton filizdir. Manqan filizinin çıxarılması və emalı zamanı hava və suya ağır metallar, toz və digər çirkləndiricilər buraxılır. Zavod, həmçinin Cənubi Qafqaz regionu üçün vacib içməli su mənbəyi olan yaxınlıqdakı Bərgüşad çayını əhəmiyyətli dərəcədə çirkləndirir: “Göründüyü kimi Ermənistanın dağ-mədən sənayesinin tullantıları birbaşa və dolayısı yolla Azərbaycanın əsas içməli su qaynağı olan çaylarını çirkləndirir. Həmin tullantılar çayların flora və faunasını məhv edir. Bu azmış kimi çay kənarında yaşayan əhalinin sağlamlığına ciddi təhdid yaradır. Bu sənaye tullantıları, həmçinin insanlarda müxtəlif mədə-bağırsaq, dəri, nevroloji və tənəffüs sistemi xəstəliklərinin, o cümlədən sağalmaz xərçəngin yaranmasına səbəb olur. Buna görə də Ermənistanın Espo konvensiyasının tələblərinə əməl etməsini tələb edirik.
Rəsmi İrəvan Ermənistanın bütün dağ-mədən sənayesi obyektlərinin qapılarını ekologiya və səhiyyə sahəsində ixtisaslaşmış ekspertlərin, Azərbaycanın bu sahədə ixtisaslaşmış vətəndaş cəmiyyətləri təşkilatlarının üzünə açmalıdır. Mütəxəssislərin iştirakı ilə yerində həmin müəssisələrə baxış keçirilməli, ekoloqlar tərəfindən qiymətləndirmə və monitorinq aparılmalıdır. Müvafiq nümunələr götürülməli, ölçmə işləri həyata keçirilməlidir. Bütün bölgəni ekotəhdidlə üz-üzə qoyan Ermənistan hökumətini məsuliyyətə dəvət edirik. Bölgəyə, bütövlükdə yaşadığımız planetimizə təhlükə yaradan dağ-mədən sənayesindəki işlər dərhal dayandırmalıdır”.

 

 

Ekologiya 2023-07-07 15:06:00