×
A
A
A
Sazlamalar

Samir İdayətov: Çay yataqlarında icazə şərtlərini pozmuş yer təki istifadəçilərinə verilmiş 97 icazə sənədi ləğv edilib

Bakı, 7 iyul, AZƏRTAC

2020-ci ilin aprel ayından başlayaraq Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən respublika ərazisində faydalı qazıntıların çıxarılması ilə əlaqədar 2020-ci ildə 190, 2021-ci ildə 512, 2022-ci ildə 440, 2023-cü ilin altı ayı ərzində isə 364 olmaqla, ümumilikdə 1506 istismar sahəsinə monitorinq keçirilib.
AZƏRTAC xəbər verir ki, bu barədə iyulun 7-də keçirilən mətbuat konfransında Agentliyin İdarə Heyətinin sədri Samir İdayətov bildirib.
Agentliyin rəhbəri qeyd edib ki, monitorinq işləri yataq sahələrinə yerində baxış, müasir texniki avadanlıqların istifadəsi ilə əldə olunmuş məlumatlar və peyk görüntülərinə əsasən yerinə yetirilib. Toplanılmış informasiyaya uyğun təhlillər aparılıb, uçot və hesabatlılıq təmin edilıb, müəyyən edilmiş 342 qanunsuz fəaliyyət ilə əlaqədar müvafiq hüquqi tədbirlər həyata keçirilib: "Belə ki, qanunsuz fəaliyyət ilə bağlı 2020-2022-ci illər ərzində Agentliyin İdarə Heyətinin qərarı ilə əsasən çay yataqlarında icazə şərtlərini pozmuş yer təki istifadəçilərinə verilmiş 97 icazə sənədi ləğv edilib, hüquqi və fiziki şəxslər barəsində ümumilikdə 160 protokol (fiziki şəxslərlə bağlı 112, hüquqi şəxslərlə bağlı 48), fiziki şəxslərlə bağlı 111 inzibati tənbehvermə haqqında qərar, hüquqi şəxslərlə bağlı isə məhkəmələrə edilmiş müraciətlər əsasında 40 məhkəmə qərarı qəbul edilib.
İdarə Heyətinin sədri vurğulayıb ki, 2021-ci ildən başlayaraq monitorinqlərin nəticəsində yer təki istifadəçilərinə verilmiş icazə sənədində qeyd olunan şərtlərin yerinə yetirilməməsi, həmçinin icazə sənədi olmadan yer təkinə qanunsuz müdaxilə halları aşkar edilmiş və bu istiqamətdə hüquqi tədbirlərin görülməsi məqsədilə Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə birgə fəaliyyətə başlanılıb.
Aşkar edilmiş qanunsuz fəaliyyətlə bağlı tərtib edilmiş akt və arayışların digər hissəsi hüquqi qiymət verilməsi məqsədilə Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.
Aparılmış monitorinq tədbirləri çərçivəsində qanun pozuntusunun təkrarlanması hallarına da rast gəlinib. Belə ki, bir sıra yer təki istifadəçiləri tərəfindən bir neçə dəfə qanunsuz istismar işlərinin aparıldığı aşkar edilmiş və hüquqi tədbir görülməsi üçün toplanmış məlumatlar Baş Prokurorluğa göndərilib. Bunlardan "Mirislam" MMC, "SND group" MMC, "Taleh A.T" müəssisəsi, "VVN" MMC və b. göstərmək olar", deyə İdarə Heyətinin sədri bildirib.

 

Ekologiya 2023-07-07 12:53:00