×
A
A
A
Sazlamalar

Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi fəaliyyəti ərzində istismarçılara 77 icazə sənədi verib

Bakı, 7 iyul, AZƏRTAC

Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin fəaliyyəti ərzində dağ-mədən sahəsinin şəffaflaşdırılması və kölgə iqtisadiyyatının aradan qaldırılması məqsədilə icazə sənədi qüvvədə olmayan və bu sahədə fəaliyyət göstərən istismarçılara 2022-ci ildə 43, 2023-cü ilin 6 ayı ərzində isə 34 olmaqla, ümumilikdə 77 icazə sənədi verilib.
AZƏRTAC xəbər verir ki, bunu iyulun 7-də keçirilən mətbuat konfransında Agentliyin İdarə Heyətinin sədri Samir İdayətov deyib.
“Agentlik tərəfindən mineral xammaldan səmərəli istifadənin təşkili və bu sahədə hesabatlılığın təmini məqsədilə yer təki istifadəçilərindən faydalı qazıntıların illik balans hesabatı (5 GK Statistik hesabat) qəbul edilib. Nəticədə hasilat həcmlərinə uyğun olaraq 2021-ci ildə 214 istismarçı, 2022-ci il ərzində 139 (84 təsdiqlənib) istismarçı, 2023-cü ildə isə 227 (169 təsdiq olunub) istismarçı tərəfindən balans hesabatı üzrə təqdim edilmiş illik balans hesabatına uyğun 2021-ci ildə 473,5 min, 2022-ci ildə 373 min, 2023-cü ildə isə 352,6 min manat ayırma məbləğinin Mineral Xammal Bazasının Bərpası üzrə Dövlət Fonduna ödənilməsi təmin edilib.
İşğaldan azad olunmuş ərazilərdə yenidənqurma və bərpa işləri ilə əlaqədar tələb olunan xammal həmin ərazilərdə yerləşən faydalı qazıntı ehtiyatları hesabına təmin edilməkdədir.
Belə ki, 2021-2022-ci illər ərzində yol infrastrukturunun qurulması, hava limanlarının tikintisi və sosial layihələrinin icrası məqsədilə 11 qeyri-filiz faydalı qazıntı yatağı daxilində tələb olunan xammaldan istifadəyə razılıq verilib. Əlavə olaraq 2023-cü ildə Ağdam rayonu ərazisində yerləşən “Şahbulaq” əhəng daşı yatağından istifadəyə verilib", - deyə Samir İdayətov vurğulayıb.

 

Ekologiya 2023-07-07 12:36:00