×
A
A
A
Sazlamalar

“Bakı Metropoliteni”nin nümayəndələri beynəlxalq sərgidə iştirak edir

Bakı, 7 iyul, AZƏRTAC

İstanbulda dünyanın dəmir yolu üzrə ixtisaslaşmış üç ən böyük sərgisindən biri olan, eyni zamanda, Avrasiya regionunun yeganə sərgisində “Bakı Metropoliteni” QSC-nin nümayəndə heyəti də iştirak edib.
Metropolitendən AZƏRTAC-a bildirilib ki, üç gün ərzində keçirilən sərgi sektora daxil olan bütün sahələrin yenilikləri, “Bakı Metropoliteni”nin tərəfdaşları ilə əməkdaşlıq çərçivəsində görüləcək işlər və yeni təkliflər, yeni nəsil texnologiyalar və digər innovativ yeniliklər barədə məlumatların toplanması baxımından faydalı olub. Müxtəlif konfransların işində dünyada olan yeniliklər və problemlərin müzakirəsi diqqət mərkəzində saxlanılıb.
“Bakı Metropoliteni” QSC-nin nümayəndələri, həmçinin Türkiyənin müxtəlif istehsal sahələrinin nümayəndələri ilə konkret əməkdaşlıq məsələlərini müzakirə ediblər.
İstanbul metrosu ilə genişlənən əməkdaşlıq perspektivləri çərçivəsində müxtəlif layihələrin ortaq dəyərləndirilməsi aparılıb.
Qeyd edək ki, bundan öncəki səfərlər çərçivəsində bir neçə istiqamətdə yeniliklərin tətbiqi ilə bağlı fəal işlərə başlanılıb. Hazırda bu istiqamətdə daha bir neçə səmərəli layihə üçün zəmin yaradılıb. Nümayəndə heyətinin topladığı təcrübə qarşıdakı müddətdə aidiyyəti sahələrdə geniş müzakirə olunaraq, konkret planlar tərtib ediləcək.

 

 

Nəqliyyat 2023-07-07 11:19:00