×
A
A
A
Sazlamalar

BMT-nin Baş katibi süni intellektlə bağlı konsensus əldə etməyə çağırıb

Bakı, 6 iyul, AZƏRTAC

BMT-nin Baş katibi Antonio Quterreş cümə axşamı Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Cenevrədə təşkil etdiyi hökumətləri, vətəndaş cəmiyyəti, BMT agentliklərini, süni intellekt (AI) innovatorlarını və investorları bir araya gətirən “Yaxşılıq üçün AI” sammitində çıxış edib.
AZƏRTAC BMT-nin rəsmi saytına istinadla xəbər verir ki, Baş katib süni intellektin inkişafının “hamının yaxşılığı üçün” insan hüquqları, şəffaflıq və hesabatlılığa əsaslanan qoruyucu tədbirlər tələb etdiyini bildirib. O, süni intellektin hər kəsə, o cümlədən bəşəriyyətin hələ də texnoloji inkişafdan kənarda qalan hissəsinə fayda verməli olduğunu vurğulayıb və onun tətbiqi üçün rəhbər normalar üzrə təcili konsensusun əldə olunmasının zəruriliyini qeyd edib.
Tədbirdə dünyanın Dayanıqlı İnkişaf Hədəflərinə (SDG) çatmasına kömək etmək üçün süni intellektdən istifadə yolları müzakirə olunur. BTİ-nin Baş katibi Doren Boqdan-Martin sammit iştirakçılarını zərərlərin qarşısının alınması və azaldılması zamanı süni intellektin tam potensialına çatmasını təmin etmək üçün qlobal əməkdaşlığa çağırıb. O bildirib ki, bəşəriyyətin SDG-yə nail olması üçün süni intellektdən istifadə olunması məsuliyyətli işdir və xüsusi nəzarət altında aparılmalıdır. Baş katib əlavə edib: “Biz xərçəng və Alzheimer kimi xəstəliklərin müalicəsi üçün süni intellektdən uğurla istifadə edə, təmiz enerji istehsalını artıra və kənd təsərrüfatında məhsuldarlığın artırılmasında fermerlərə dəstək ola biləcəyik. Lakin AI, eyni zamanda, riskləri də artırır. Süni intellekt iş yerlərini azaldan, dezinformasiyanın idarəolunmaz şəkildə yayılmasına şərait yaradan və ya texnologiyadan yalnız varlı ölkələrin faydalandığı təlatümlü gələcək də vəd edir”.
Bu ilin əvvəlində BMT-nin insan haqları üzrə rəhbəri Volker Türk generativ süni intellektdə sürətli və nəzarətsiz irəliləyişlər barədə xəbərdarlıq etmişdi. O, “insan ləyaqəti və hüquqlarının ciddi risk altında olduğunu” söyləyərək, hökumətləri və biznesləri texnologiyanın inkişafını hüquq müstəvisində dəstəkləməyə çağırıb.
Bu kontekstdə BTİ-nin rəhbəri vurğulayıb ki, AI sammiti süni intellekt idarəçiliyinə təkan vermək və onun inklüziv, təhlükəsiz və məsuliyyətli tətbiqini təmin etmək üçün mühüm əhəmiyyət kəsb edən tarixi məqamda keçirilir.
Qeyd edək ki, sammit çərçivəsində keçiriləcək sərgidə 50-dən çox robot iştirak edəcək. Onların ixtiraçıları robotların insanların sağlamlığına necə dəstək ola biləcəyini, təhsil xidmətləri göstərməsini, əlilliyi olan insanlara kömək etməsini, tullantıların azaldılmasına və fövqəladə hallarda davranışlarını nümayiş etdirəcək. İyulun 7-də isə robotların sual verəcəyi mətbuat konfransı keçiriləcək.

 

Texnologiya 2023-07-06 21:06:00