×
A
A
A
Sazlamalar

ICESCO biotullantıların emalı üzrə mükafat təsis edib

Bakı, 6 iyul, AZƏRTAC

İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) tullantılardan zülal, yağ və karbohidratları çıxarmaq üçün innovativ texnologiyaların işlənib hazırlanmasında sahibkarlara və startaplara dəstək olmaq məqsədi daşıyan “Biotullantı-Ərzaq Mükafatı”nın ilk buraxılışını elan edib.
Təşkilatın baş ofisindən AZƏRTAC-a bildiriblər ki, mükafat İslam dünyasındakı gəncləri və qadınları qida təhlükəsizliyinə nail olmağa töhfə vermək üçün innovativ həllər hazırlayaraq israf edilmiş qidadan əldə edilən faydaları optimallaşdırmaq məqsədilə təsis edilib. Eyni zamanda, ICESCO yaşıl iqtisadiyyatda innovativ texnologiyaların inkişafına, həmçinin qida təhlükəsizliyinə dəstək olmağa çalışır. Mükafat müvafiq olaraq 30 min ABŞ dolları, 15 min ABŞ dolları və 5 min ABŞ dolları alacaq üç qalib layihəyə veriləcək.
Münsiflər heyəti qiymətləndirmə prosesinin birinci mərhələsində beş iştirakçı layihəni seçəcək. Daha sonra həmin iştirakçılar təklif olunan texnologiyanın effektivliyini qiymətləndirmək, inkişafa və iş yerlərinin yaradılmasına töhfə verən ən innovativ və ekoloji cəhətdən təmiz layihələri təqdim etmək üçün layihələrini münsiflər heyətinə şəxsən təqdim etməyə dəvət olunacaq. Sonuncu mərhələdə isə üç qalib layihə müəyyən ediləcək.
Bu müsabiqədə iştirak etməkdə maraqlı olan şəxslər 31 avqust 2023-cü il tarixindən gec olmayaraq, https://forms.office.com/r/fpyredi2dX linki vasitəsilə ICESCO-nun internet saytında mövcud olan mükafat formasını doldurmalı və öz namizədlik sənədlərini göndərməlidirlər.

Ekologiya 2023-07-06 17:45:00