×
A
A
A
Sazlamalar

ÜST qazıntı yanacağı üçün ayrılan subsidiyaları “yaşıl” enerjiyə yönəltməyə çağırır

Bakı, 6 iyul, AZƏRTAC

İldə qazıntı yanacağı üçün ayrılan 600 milyard dollar həcmində subsidiya aşağı gəlirli ölkələrdə bərpaolunan enerji mənbələrinin inkişafına, səhiyyə müəssisələrinə və infrastruktura yönəldilməlidir.
AZƏRTAC xəbər verir ki, bunu Budapeştdə ətraf mühit və insan sağlamlığı mövzusunda keçirilən foruma telekonfrans rejimində qoşulan Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus deyib. Onun sözlərinə görə, hər il Avropa regionunda 1,4 milyondan çox, dünya üzrə isə 13 milyondan çox insan havanın və suyun çirklənməsi, eləcə də qarşısı alına bilən digər ətraf mühit amilləri nəticəsində vaxtından əvvəl ölür. Vəziyyəti dəyişmək lazımdır. Hazırda hökumətlər qazıntı yanacağı üçün ildə təxminən 600 milyard dollar ayırır. Bu investisiyaları aşağı gəlirli bərpaolunan enerjiyə, tibb müəssisələrinə və digər mühüm infrastruktura yönəltməyin vaxtı çatıb.
ÜST rəhbəri bildirib ki, qazıntı yanacağından “yaşıl” enerjiyə keçid iqlim dəyişikliyinin əsas səbəblərini aradan qaldırmağa, ətraf mühitin çirklənməsini azaltmağa, insan sağlamlığını yaxşılaşdırmağa və biomüxtəlifliyi qorumağa kömək edəcək.
Çərşənbə günü Cenevrədə brifinqdə çıxış edən Qebreyesus deyib ki, iqlimlə bağlı böhran hazırda insan sağlamlığına təsir edən əsas amillərdən biridir. ÜST rəhbəri Ümumdünya Meteorologiya Təşkilatının proqnozlarına görə 2023-cü ilin ikinci yarısında özünü büruzə vermə ehtimalı çox yüksək olan El Nino təbiət hadisəsini xatırladıb. Qeyd edib ki, bu təbiət hadisəsi planetin bir neçə bölgəsində temperaturun artmasına səbəb olur. Bazar ertəsi dünyada rekord həddə çatan ən isti gün qeydə alınıb. Qarşıdakı aylarda insan sağlamlığına zərər verən quraqlıq, daşqın, qasırğa və isti dalğaları da daxil olmaqla bir sıra ekstremal hava hadisələri gözlənilir.

Ekologiya 2023-07-06 04:14:00