×
A
A
A
Sazlamalar

Qırğızıstanla turizm əlaqələrinin genişləndirilməsi müzakirə olunub

Bakı, 4 iyul, AZƏRTAC

Azərbaycanla Qırğızıstan arasında turizm əlaqələrinin inkişaf perspektivləri iyulun 4-də Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevlə Qırğız Respublikasının ölkəmizdəki səfiri Kayrat Osmonaliyev arasında keçirilən görüşdə müzakirə olunub.
Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, görüşdə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin, birgə təbliğat tədbirlərinin keçirilməsinin və təcrübə mübadiləsinin vacibliyi vurğulanıb.
Həmçinin qarşılıqlı tanıtım səfərlərinin təşkili və turist mübadiləsinin artırılması üçün birbaşa uçuşların əhəmiyyəti haqqında fikir mübadiləsi aparılıb.
Səfir Kayrat Osmonaliyev tərəfindən bildirilib ki, cari il iyulun 22-dən etibarən Bişkek və Bakı arasında həftədə 1 dəfə olmaqla birbaşa uçuşların həyata keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, 2023-cü ilin yanvar-may aylarında Qırğızıstandan Azərbaycana 1733 nəfər səfər edib ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 51 faiz artım deməkdir.

Turizm 2023-07-04 17:34:00