×
A
A
A
Sazlamalar

Ağacların gövdəsinə vurulan vandalizm izləri

Bakı, 4 iyul, AZƏRTAC
Turizm potensialı, gəzməli-görməli yerləri, maddi mədəniyyət abidələri ilə zəngin olan Kəlbəcər rayonu 27 ildən artıq erməni quldur birləşmələrinin işğalı altında qalıb. Həmin müddət ərzində onlar rayonun yeraltı və yerüstü sərvətlərini talamaqla yanaşı, xalqımızın əsrlər boyu qoruyub saxladığı qədim tarixə malik mədəni irsimizə qarşı misli görünməmiş vandalizm aktları törədib.
Torpaqlarımızın işğaldan azad edilməsi erməni yaraqlılarının Birinci Qarabağ müharibəsi illərində törətdikləri çoxsaylı cinayətlərin üstünün açılması üçün geniş imkanlar yaradıb. Vətən müharibəsindən sonra Kəlbəcər rayonunun Başlıbel, Şuşanın Daşaltı, Xocalının Fərrux, Xocavəndin Edilli kəndlərində aşkar edilmiş kütləvi məzarlıqlar bu qəbildəndir.
Bu günlərdə Kəlbəcər rayonunun Başlıbel kəndində erməni vandalizminin daha bir nümunəsi aşkar edilib.
İşğal dövründə Qarabağın müxtəlif ərazilərində maddi mədəniyyət abidələri üzərində xaç şəkli çəkməklə onları saxtalaşdırmağa çalışan ermənilər bu çirkin niyyətlərini təbiətə qarşı da tətbiq ediblər.
Bir neçə gün əvvəl doğma yurdlarını ziyarətə gedən kənd sakinləri həmin faktla qarşılaşıblar. Ziyarət iştirakçıları arasında olan araşdırmaçı jurnalist Elxan Salahov AZƏRTAC-ın müxbiri ilə söhbətində deyib: “İşğal zonasında az qala hər daş-qayaya xaç işarəsi çəkməyə cəhd edən qəsbkarlar Başlıbel kəndində həyətyanı sahələrdəki meyvə ağaclarının gövdəsini yonmaqdan da çəkinməyiblər. Sakinləri doğmalarının dağılmış evlərini ziyarət edərkən İnqilab Məmmədova məxsus həyətyanı sahədə iki ağacın gövdəsində motorlu mişar vasitəsilə xaç işarəsi çəkildiyini görüblər. Onlar ermənilərin bu rəzil hərəkətlərini hiddətlə qarşılayıblar. Motorlu mişarın gövdənin dərinliyinə qədər kəsdiyi hissənin yan-yörəsi sonrakı illər ərzində qabıqla əhatələnib. Bu, həm də ermənilərin ağaclar üzərindəki “xaç sevgisi”nin işğalın ilk illərinə təsadüf etdiyini deməyə əsas verir. Başlıbel kəndində meyvə ağacları üzərində xaç işarəsinin “həkk edilməsi” mənfur qonşumuzun həm də təbiətə qarşı qəsdinin bariz nümunəsidir”.
Xatırladaq ki, 1993-cü ilin aprelində Kəlbəcər rayonunun işğalı zaman Başlıbel kəndində 62 nəfər qadın, uşaq və qoca evlərini vaxtında tərk edə bilmədiyindən kahalara - təbii mağaralara sığınmağa məcbur olublar. İşğaldan 18 gün sonra erməni silahlı qüvvələri onların yerini müəyyənləşdirərək sığınacaqlara hücum edərək kütləvi qətliam törədiblər. Nəticədə 14 dinc sakin girov götürülüb, 18 nəfər qətlə yetirilib, 5 nəfər yaralanıb, 1 nəfər itkin düşüb. Sağ qalan 29 nəfər isə 113 gündən sonra gizli dağ yolları ilə mühasirədən çıxa bilib.

Ekologiya 2023-07-04 12:23:00