×
A
A
A
Sazlamalar

Bayram günlərində gözlənilən hava şəraiti açıqlanıb

Bakı, 26 iyun, AZƏRTAC

İyunun 26-da ölkə ərazisində hava əsasən yağmursuz keçir.
Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, iyunun 27-30-dək əksər rayonlarda yağmursuz hava şəraiti gözlənilsə də, əsasən gündüz saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimal olunur. Mülayim şərq küləyi əsəcək.
Respublika üzrə ən yüksək temperaturun Mərkəzi Aran, Qazax-Gəncə bölgəsində, Naxçıvan Muxtar Respublikasında qeydə alınacağı və 30-35° isti olacağı gözlənilir.
Nisbətən mülayim havanın Balakən-Şəki, Şamaxı-İsmayıllı-Qəbələ rayonlarında müşahidə ediləcəyi və 27-32° isti olacağı proqnozlaşdırılır.
Daha sərin hava şəraitini sevən insanları cəlb edəcək Daşkəsən-Gədəbəy-Göygöl, Lerik-Yardımlı, Lənkəran-Astara, Quba-Qusarda 23-28°-dək isti olacaq.
Balakən-Şəki rayonlarında hava şəraiti sabit, əsasən yağmursuz keçir. Lakin iyunun 27-29-da əsasən gündüz saatlarında qısamüddətli yağış yağacağı ehtimalı var.
Quba-Xaçmaz rayonlarında əsasən yağmursuz hava şəraiti müşahidə edilir. Lakin iyunun 27-29-da əsasən gündüz saatlarında qısamüddətli yağış yağacağı gözlənilir.
Şamaxı-İsmayıllı-Qəbələ rayonlarında əsasən yağmursuz hava şəraiti qeydə alınır. Lakin iyunun 28-29-da əsasən gündüz saatlarında qısamüddətli yağış yağacağı ehtimalı var.
Qazax-Gəncə rayonlarında iyunun 26-da əsasən yağmursuz hava şəraiti müşahidə olunsa da, 27-29-da əsasən gündüz saatlarında qısamüddətli yağış yağacağı proqnozlaşdırılır.
Daşkəsən-Gədəbəy-Göygöl rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq, lakin gündüz saatlarında qısamüddətli yağış yağacağı bildirilir.
Lənkəran-Astara rayonlarında hava şəraiti sabit olacaq, əsasən yağmursuz keçəcək.
Lerik-Yardımlı rayonlarında hava şəraiti sabit olacaq, əsasən yağmursuz keçəcək. Lakin iyunun 28-də gündüz qısamüddətli yağış yağacağı ehtimalı var.
Mərkəzi Aran rayonlarında yağmursuz hava şəraiti gözlənilir.
Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi iyunun 28-də arabir güclənəcək. Havanın temperaturu gecə 17-22°, gündüz 27-32° isti olacaq.
Abşeronun şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada dəniz suyunun temperaturu 22-23°, cənub çimərliklərində - Türkan, Hövsan, Sahil, Şıxda isə 24-25° isti olacaq.

Ekologiya 2023-06-26 12:44:00