×
A
A
A
Sazlamalar

Kolumbiya qəzetində Azərbaycanın zəngin turizm potensialından bəhs olunub

Bakı, 25 iyun, AZƏRTAC

Kolumbiyanın geniş oxucu kütləsinə malik “El Nuevo Siglo” (“Yeni Əsr”) qəzetində “Azərbaycanın göz qamaşdıran paytaxtı Bakı ilə tanış ol” sərlövhəli məqalə dərc edilib.
Azərbaycanın Meksikadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, qəzetin həm çap, həm də elektron versiyalarında dərc edilmiş məqalədə ölkəmizin keçdiyi uğurlu inkişaf yolundan və təqdim etdiyi geniş turizm imkanlarından bəhs olunub.
Məqalədə Azərbaycanın müasirliyi və qədimliyi ilə möhtəşəm vəhdət təşkil etdiyi, əlverişli iqlim şəraitinə və zəngin təbiətə malik olduğu, o cümlədən mədəniyyətlərin qovuşuğu olan Bakı şəhərinin gözəlliyi, sakinlərin qonaqpərvərliyi ilə insanı valeh etdiyi vurğulanır.
Bildirilir ki, Azərbaycan hökuməti tərəfindən elektron viza sisteminin tətbiqi xaricilər üçün bu füsunkar turizm məkanına səyahəti xeyli asanlaşdırır. Odlar yurdu Azərbaycanda müsəlman Şərqində ilk parlamentli və dünyəvi respublikanın elan edilməsinə, ilk dəfə qadınlara seçki hüququnun verilməsinə diqqət çəkilir. Yazıda, həmçinin Papa Fransiskin “Azərbaycan əsl tolerantlıq nümunəsidir” sözlərinə yer verilir və Azərbaycanın müxtəlif dinlərin, mədəniyyətlərin əsrlər boyunca harmoniya şəraitində yaşadığı bir ölkə kimi tanındığı diqqətə çatdırılır.
Eyni zamanda, müstəqillik əldə etdikdən sonra Azərbaycanın böyük inkişaf və tərəqqiyə imza atdığı, zəngin təbii ehtiyatlara malik ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığı, Avrasiyanın enerji və nəqliyyat xəritəsini bütünlüklə dəyişməyə nail olduğu bildirilir. Vurğulanır ki, müasir Azərbaycan tarixinin bütün dövrü Heydər Əliyevin adı ilə bağlıdır və Azərbaycan xalqı “Heydər Əliyev İli” çərçivəsində Ümummilli Liderinin anadan olmasının yüzilliyini böyük sevgi və ehtiramla yad edir.
Məqalədə, həmçinin Bakıda yerləşən tarixi-mədəniyyət abidələri - Qız qalası, Bibiheybət məscidi, “Alov qüllələri”, Heydər Əliyev Mərkəzi haqqında ətraflı məlumat verilir.

Turizm 2023-06-25 19:59:00