×
A
A
A
Sazlamalar

İnsan-maşın interfeysinin jestlərlə idarə olunması informasiya mübadiləsidir

Bakı, 25 iyun, AZƏRTAC

İnformasiya ötürməyin və əldə etməyin müxtəlif üsulları vardır. Onların arasında jestlər xüsusi əhəmiyyətə malikdir. Jestlərdən mütəmadi olaraq istifadə edən eşitmə və nitq məhdudiyyəti olan insanlardır. Lakin jestlərin istifadə dairəsi genişdir. Məsələn, jestlərlə informasiyanın ötürülməsi üsulu uzaq məsafəyə səsin çatmadığı hallarda və ya işin prinsipinə əsasən sakitliyin qorunması məqsədilə də istifadə olunur. İnformasiya-kommunikasiya texnologiyalarının dinamik inkişaf etməsi digər sahələrlə yanaşı, insan-maşın interfeysinin jestlərlə idarə olunması sahəsinə də öz töhfəsini verib.
AZƏRTAC xəbər verir ki, bu barədə İnformasiya Texnologiyaları İnstitutunun baş mütəxəssisi Kəmalə Qurbanova məlumat verib.
O, kompüter və robot sistemləri üçün jest idarəetmə texnologiyalarının böyük potensiala malik olduğunu və bir çox problemlərin həllinə müsbət təsir etdiyini diqqətə çatdırıb. Qeyd edib ki, bu problemlərə naqilli texnologiyaların jestlərlə idarə olunan texnologiyalarla əvəz olunması, ünsiyyət prosesində çətinlik çəkən insanların kommunikasiyası, eləcə də insanın vaxtına, puluna, enerjisinə qənaət etməsi və s. daxildir. İnsan-maşın interfeysinin jestlərlə idarə olunması prosesi iki tərəf arasında informasiya mübadiləsidir: istifadəçi mesajını jest ilə ifadə edir, maşın isə jesti aşkar edir və tanıyır.
Tədqiqatçı qeyd edib ki, intellektual idarəetmə sisteminin fəaliyyət sxemi ardıcıl olaraq yerinə yetirilən beş əsas mərhələ ilə xarakterizə olunur: 1) əmrlər kamera və ya mikrofonla verilənlər bazasına daxil edilir; 2) verilənlər bazasındakı məlumatlar ayrı-ayrılıqda emal olunur; 3) məlumatın əlamətləri aşkar edilir; 4) hər hansı tanınma metodu əsaslanaraq (süni neyron şəbəkələri, Markov zəncirləri və s.) təhlil aparılır, tanınma etibarlılığı test olunur və qərar qəbul olunur; 5) əmr icra olunur.
K.Qurbanova bu sahədə olan texnologiyalar - “Air Gesture” proqram və aparat sistemi, “iMotion” kontrolleri, “nTobeBox” sistemi, “Kai kontrolleri”, “Gestonurse cihazı”, “Gest kontrolleri”, “Arrm.io startapı”, “Google MediaPipe” modeli və s. haqqında da ətraflı məlumat verib.
Sonda tədqiqatçı nəzərə çatdırıb ki, insan-jest-maşın interfeyslərinin inkişafı işin keyfiyyətini yaxşılaşdırır, eşitmə və nitq məhdudiyyətli insanların istifadəçi kimi imkanlarını genişləndirir.

Texnologiya 2023-06-25 17:03:00