×
A
A
A
Sazlamalar

İntellektual potensialın qiymətləndirilməsi metodologiyaları tədqiq edilir

Bakı, 24 iyun, AZƏRTAC

İqtisadiyyatın əsasını müasir cəmiyyətin sosial-iqtisadi inkişafının əsas amili olan intellektual potensial təşkil edir. Alimlərin fikrincə, intellektual potensialın əsas hərəkətverici qüvvəsi təhsil cəmiyyətinin formalaşması ilə bağlıdır. Dünya təcrübəsi cəmiyyətin inkişafında təbii resursların, coğrafi və siyasi mühitin, iqtisadi və sosial vəziyyətin, xüsusilə də elmin və təhsilin əhəmiyyətli rol oynadığını göstərir.
AZƏRTAC xəbər verir ki, bu barədə İnformasiya Texnologiyaları İnstitutunun böyük elmi işçisi Mərziyə İsmayılova məlumat verib. Tədqiqatçı Azərbaycanda intellektual potensialın qiymətləndirilməsindən söz açaraq təhsil və elm üzrə intellektual potensialın kəmiyyət qiymətləndirilməsi üçün “Rutkeviç” və “Levaşov” metodikasından istifadə edildiyini bildirib: “Bu metodikada cəmiyyətin intellektual potensialını qiymətləndirmək üçün 2 əsas subyektin (təhsil və elm sferası) göstəricisi əsas götürülür. İntellektual potensialın qiymətləndirilməsində Azərbaycan Dövlət Statistika Komitəsinin statistik məcmuəsi (2017-2021-ci illər) üzrə ölkədə təhsilin, elmin vəziyyətini və inkişaf səviyyəsini əks etdirən bir sıra göstəricilərdən istifadə olunub”.
İntellektual potensialın qiymətləndirilməsi sahəsindəki çatışmazlıqlardan bəhs edən M.İsmayılova intellektual potensialın ölçülməsi ilə bağlı ayrı-ayrı ölkələrin və tədqiqatçıların təklif etdiyi çoxlu sayda metodikaların olmasına baxmayaraq, onun qiymətləndirilməsinə dair vahid yanaşmanın olmadığını və müxtəlif üsullardan istifadə olunduğunu diqqətə çatdırıb.
Tədqiqatçı vurğulayıb ki, intellektual potensialı adekvat şəkildə təsvir etmək üçün bir çox göstəricilərə, həmçinin onun qiymətləndirilməsi və səmərəliliyinin yüksəldilməsi üçün intellektual potensialdan istifadə mexanizmlərinin işlənib hazırlanmasına ehtiyac var.

 

Texnologiya 2023-06-24 17:04:00