×
A
A
A
Sazlamalar

2022-ci ildə Avropada hava şəraiti ilə əlaqədar 16 365 ölüm halı qeydə alınıb

Bakı, 23 iyun, AZƏRTAC

Dünyada ən sürətli istiləşmə göstəriciləri olan Avropada iqlim dəyişməsi insanlara, iqtisadiyyata və ətraf mühitə ciddi zərər vurur. 2022-ci il ekstremal istilik, quraqlıq və meşə yanğınları ilə qeyd olunub. Avropada dəniz səthinin temperaturları yeni maksimumlara çatıb, bu da dəniz istilik dalğaları ilə müşayiət olunub. Buzlaqların ərinməsi misilsiz dərəcəyə çatıb. AZƏRTAC xəbər verir ki, bu barədə Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) “Copernicus” Avropa İqlim Dəyişməsi Xidməti ilə birgə dərc etdiyi hesabatda deyilir.
Sənəddə qeyd olunur ki, 1980-ci illərdən başlayaraq Avropada istiləşmə templəri dünya ortalamasından iki dəfə çoxdur, bu da regionun sosial-iqtisadi strukturuna və ekosistemlərinə uzunmüddətli perspektivdə təsir edir. 2022-ci ildə Avropada temperatur Paris İqlim Dəyişməsi Sazişinin əsas göstəricisi kimi istifadə olunan sənaye dövründən əvvəlki dövrün (1850—1900-cı illər) orta səviyyəsindən Selsi üzrə təxminən 2,3 dərəcə yüksək olub.
Meteoroloji, hidroloji və iqlimlə bağlı təhlükəli hallar nəticəsində Avropada 2022-ci ildə 16 365 ölüm halı və 156 min zərərçəkmiş qeydə alınıb.
Hadisələrin 67 faizi sel və tufanlarla bağlı idi ki, ümumi iqtisadi ziyanın ən əhəmiyyətli hissəsini təşkil edən təxminən iki milyard dollarlıq məbləğ onların payına düşür. Ölüm halları nöqteyi-nəzərdən daha ciddi olan istilik dalğaları idi ki, bu da əlavə olaraq 16 mindən çox insanın ölümünə səbəb olub.
Şimali Atlantika regionunda orta dəniz səthi temperaturları müşahidələrin bütün tarixi boyu ən yüksək olub, bu regionda dənizlərin əhəmiyyətli sahəsi güclü və ya hətta çox güclü və ekstremal dəniz istilik dalğalarının təsirinə məruz qalıb.
Uzunmüddətli perspektivdə iqlim ssenarilərinin pisləşməsi baş verdikdə Avropanın cənub hissəsində ekstremal temperaturların Selsi üzrə 40 dərəcə artması və ardıcıl quru günlərin sayının ən yüksək faiz göstəricilərindən biri qeydə alına bilər.

Ekologiya 2023-06-23 15:52:00