×
A
A
A
Sazlamalar

Ekologiya və təbii sərvətlər naziri Göyçayda vətəndaşları qəbul edib

Bakı, 23 iyun, AZƏRTAC

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən, iyunun 23-də ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Göyçay şəhər Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, qəbuldan əvvəl nazir və Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, dahi şəxsiyyətin əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.
Görüş zamanı ətraf mühitin mühafizəsi, meşələrin qorunması, biomüxtəliflik, işlə təminolunma və digər məsələlərlə bağlı vətəndaşların müraciətləri dinlənilib. Qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, digərlərinin isə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə nazirliyin məsul işçilərinə müvafiq tapşırıqlar verilib.
Vətəndaşlar bölgə sakinlərinin qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını bildirərək, onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Ekologiya 2023-06-23 13:39:00