×
A
A
A
Sazlamalar

Qarabağ memarlıq abidələrinin bərpası ilə Azərbaycanın qədim tarixi də qorunur - Açıqlama

Bakı, 21 iyun, AZƏRTAC

İşğaldan azad edilmiş ərazilərimizdə, həmçinin Qarabağda yerləşən abidələrin hər daşında həm mədəniyyətimizin, həm də tariximizin silinməz izləri var. Qarabağdakı memarlıq abidələrimiz, muzeylərimizlə yanaşı, dini məbədlərimiz də mənfur düşmən tərəfindən dağıdılmışdır. Nəticədə Azərbaycanın memarlıq irsi böyük itkilərə uğramışdır.
Bu barədə AZƏRTAC-a açıqlamasında “ARCHİTECTURE and Mep” şirkətinin təsisçisi, memar Fərid Bayramov bildirib.
Memar qeyd edib ki, Qarabağ işğaldan azad edildikdən sonra qədim yaşayış məntəqələrindəki tariximizin, mədəniyyət abidələrimizin yenidən bərpa edilməsi sahəsində böyük işlər görülür. Bu ərazilərdə dağıdılmış olan memarlıq abidələrinin yenidən qurulması və bərpası hazırda Azərbaycan memarlarının mühüm yaradıcılıq fəaliyyətinin əsasını təşkil edir. Burada maddi-mədəni irsimiz olan memarlıq abidələrinin qorunması və bərpası ilə bağlı müxtəlif qərar və tədbirlər həyata keçirilir: “Bu gün ilk növbədə Qarabağın tarixini, mədəni irsini bərpa etmək, qorumaq lazımdır. Dövlətimizin başçısı İlham Əliyev bu sahəyə xüsusi diqqət yetirir. Qarabağın mədəni irsinin qorunması və təbliği istiqamətində bir neçə qanun və dövlət proqramları qəbul olunub. Abidələr bərpa olunaraq beynəlxalq aləmdə təbliğ olunmalı, dünya mədəni irs siyahılarına daxil edilməlidir. Bu abidələrimizin yenidən bərpası ilə Azərbaycanın qədim tarixi də qorunur və onların gələcək nəsillərə çatdırılması üçün şərait yaradılır”.
F.Bayramovun sözlərinə görə, bu sahədə tədqiqatlar aparılmalı və gənc mütəxəssislər bərpa işlərinə cəlb olunmalıdır. Ayrı-ayrı memarlıq abidələrinin qorunub saxlanılmasına dair tövsiyələrin hazırlanması və onların eskiz, bərpa və konservasiya layihələrinin tərtib olunması vacibdir. Qarabağ və ətraf ərazilərin memarlıq irsinin vəziyyəti, bərpası və qorunması bu gün dövlətimizin qarşısında duran əsas vəzifələrdən biridir.
Memar, həmçinin vurğulayıb ki, ölkəmizdə sahibkarlar və iş adamları da bu sahəyə investisiya qoymaqda maraqlı olmalıdırlar. Bu, maddi-mənəvi irsimizə sahib çıxmaq, onu qorumaq və gələcək nəsillərə çatdırılması naminə aparılan vətənpərvərlik işidir.

 

 

İqtisadiyyat 2023-06-21 19:07:00