×
A
A
A
Sazlamalar

BMT-də dünya okeanının qorunması barədə tarixi saziş qəbul olunub

Bakı, 21 iyun, AZƏRTAC

Birləşmiş Millətlər Təşkilatının (BMT) tərkibinə daxil olan 193 ölkə təxminən 20 il aparılan danışıqlardan sonra milli yurisdiksiya hüdudlarından kənar ərazilərdə dəniz biomüxtəlifliyini qoruyan tarixi saziş qəbul edib.
AZƏRTAC BMT-nin saytına istinadla xəbər verir ki, sənəd dünya okeanının üçdə ikisindən artıq hissəsinə aid edilir.
Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş okeanların qorunması üzrə səyləri birləşdirməyə imkan verən beynəlxalq əməkdaşlığı yüksək qiymətləndirib. Onun sözlərinə görə, “planetin başı üzərini alan təhdidlər milli sərhədlər tanımır və saziş üzərində iş ölkələrin ümumi rifah naminə bir cəbhədən çıxış etməyə qadir olduqlarını nümayiş etdirib”.
BMT-nin dəniz hüququna dair Konvensiyasında irəli sürülən prinsiplərə əsaslanan saziş dünya okeanı akvatoriyasının üçdə iki hissəsinin müdafiəsi üçün hüquqi bazanı əhəmiyyətli şəkildə möhkəmləndirir. Xüsusilə, bu sənəd okean və onun ehtiyatlarının mənimsənilməsi üzrə beynəlxalq və qurumlararası əməkdaşlıq üçün zəruri çərçivələri müəyyən edir.
Bu Sazişin səmərəli və vaxtında yerinə yetirilməsi dayanıqlı inkişaf sahəsində okeanla bağlı Məqsədlərin və biomüxtəliflik sahəsində Kunmin-Monreal qlobal çərçivə proqramının icrasına böyük töhfə verəcək.
Zəhərli kimyəvi maddələr və milyon tonlarla plastik kütlə tullantıları sahilboyu ekosistemi həddən artıq dolduraraq, balıqları, dəniz tısbağalarını, dəniz quşlarını və dəniz məməlilərini məhv edir və ya onlara böyük zərbə vurur. Bundan başqa, təhlükəli zərrəciklər insanların qidalandığı ərzaqlara da düşür.
Dayanıqlı İnkişaf Məqsədləri haqqında son hesabata əsasən, 2021-ci ildə dünya okeanına 17 milyon metr tondan çox plastik kütlə düşüb və bu da dəniz zibilinin 85 faizini təşkil edir. Proqnozlara əsasən, 2040-cı ilədək bu göstərici hər il iki və ya üç dəfə artacaq. Əgər tədbirlər görülməsə, o halda 2050-ci ilədək dənizdə plastik kütlə balığın sayından daha çox ola bilər.
Saziş okeanı çirkləndirənlər üzərinə məsuliyyət qoyur və mümkün mübahisələrin həlli üçün mexanizmlər təsis edir. Sənədin müddəalarına müvafiq olaraq, tərəflər onların milli yurisdiksiyası hüdudlarından kənar sularda hər hansı planlı fəaliyyət zamanı öz hərəkətlərinin ətraf mühitə potensial təsirini qiymətləndirməlidirlər.
BMT-nin məlumatına görə, dünyanın balıq ehtiyatının üçdəbir hissəsindən çoxu həddən artıq istismara uğrayır. Sazişdə bu vəziyyətə qarşı mübarizə üçün beynəlxalq əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur.
Qlobal istiləşmə okean temperaturunun getdikcə artmasına, daha tez-tez və güclü fırtına yaratmasına, dəniz səviyyəsinin artmasına və sahilboyu torpaqların şoranlaşmasına gətirib çıxarır.
Saziş okeanın idarə olunmasına, onun ekosisteminin iqlim dəyişmələri və okeanın turşulaşması kimi xoşagəlməz fəsadlar qarşısında dayanıqlılığının artırılmasına kompleks yanaşma təqdim edir.
Saziş 2023-cü il sentyabrın 20-dən, yəni Dayanıqlı İnkişaf Məqsədləri üzrə sammitin ertəsi günündən başlayaraq iki il ərzində imzalanmaq üçün açıqdır. Sənəd 60 dövlət tərəfindən ratifikasiya olunandan sonra qüvvəyə minəcək. Sənəd qüvvəyə minən tarixdən 1 il gec olmayaraq Baş katib Saziş tərəflərinin Konfransının birinci iclasını çağırmalıdır.
Baş katib bütün ölkələri Sazişin qüvvəyə minməsi üçün onu imzalamağa və ratifikasiya etməyə çağırıb.

Ekologiya 2023-06-21 16:13:00