×
A
A
A
Sazlamalar

AZAL 12-ci dəfə Mərkəzi Asiya və MDB üzrə ən yaxşı aviaşirkət seçilib

Bakı, 20 iyun, AZƏRTAC

AZAL nüfuzlu “World Airline Awards 2023” mükafatı alıb. Mərkəzi Asiya və MDB üzrə ən yaxşı regional aviaşirkət adına layiq görülən aviaşirkət yenidən öz yüksək statusunu təsdiq edib.
AZAL-dan AZƏRTAC-a bildirilib ki, aviaşirkət regionda aviadaşımalar bazarında öz liderliyini təsdiq edərək və daim sərnişinlərə keyfiyyətli xidmət göstərmək arzusunu nümayiş etdirərək rekord sayda – on ikinci dəfə nüfuzlu mükafata sahib olub. Bu möhtəşəm nailiyyət AZAL-ın sabitləşmiş nüfuzunu və aviasiya sahəsində möhkəm mövqeyini təsdiqləyir.
Mükafatlandırma mərasimi iyunun 20-də Paris aviasalonu çərçivəsində baş tutub.
“Skytrax” şirkətinin baş direktoru Edvard Pleysted bildirib ki, “Azərbaycan Hava Yolları” şirkətinin Mərkəzi Asiya və MDB üzrə ən yaxşı regional aviaşirkət nominasiyasına on ikinci dəfə sahib olması regionda artan rəqabət şəraitində davamlılığın təzahürünün gözəl nümunəsidir.
Öz növbəsində AZAL QSC-nin prezidenti Cahangir Əsgərov qeyd edib ki, AZAL yüksək keyfiyyət səviyyəsini saxlayaraq, regionun aviasiya sahəsində liderlərdən biri olaraq qalır. Onun sözlərinə görə, aviaşirkətimiz bundan sonra da yeni-yeni nailiyyətlər qazanacaq və sərnişinlərə yalnız ən yaxşı xidmətləri təqdim edəcək.
“World Airline Awards” mükafatı qeyri-rəsmi “aviasiya Oskarı” statusuna malikdir. Bu mükafat 1999-cu ildən etibarən hər il aviaşirkət və hava limanı xidmətlərinin keyfiyyətinin aparıcı qlobal qiymətləndiricisi, İngiltərənin “Skytrax” konsaltinq agentliyi tərəfindən təqdim olunur.

Nəqliyyat 2023-06-20 16:04:00