×
A
A
A
Sazlamalar

ASCO beynəlxalq gəmi şirkətləri ilə əməkdaşlıq imkanlarını genişləndirir

Bakı, 20 iyun, AZƏRTAC

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də (ASCO) dünyanın aparıcı gəmi idarəetmə şirkəti olan “V.Ships” nümayəndələri ilə görüş keçirilib.
ASCO-dan AZƏRTAC-a bildirilib ki, qurumun sədri Rauf Vəliyev rəhbərlik etdiyi qurum haqqında qonaqlara ətraflı məlumat verib. O, hazırda ASCO-nun Xəzər dənizindən kənarda da təmsil olunduğunu diqqətə çatdırıb. Bildirib ki, beynəlxalq sularda fəaliyyətin genişləndirilməsi və yükdaşımaların artırılması daim diqqətdə saxlanılır. Bu istiqamətdə ötən həftə növbəti mühüm addım atılıb. SOCAR və ASCO-nun birgə əməkdaşlığı çərçivəsində alınan üç “Aframax” tipli tankerdən birincisi - “Şuşa” tankeri istifadəyə verilib. Bununla da, milli gəmiçiliyimiz yeni tipli, daha böyük gəmi seqmentinə daxil olub.
“V.Ships”in Baş əməliyyat direktoru Allan Falkenberg çıxışında təmsil etdiyi şirkət haqqında məlumat verib.
Görüşdə tərəflər arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivi ətrafında da fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, ASCO və “V.Ships” uğurlu tərəfdaşlıq əlaqələrinə malikdir və bu əlaqələr davamlı inkişaf edir. Həmçinin, o da vurğulanıb ki, bu yaxınlarda ASCO-nun bir qrup əməkdaşı “V.Ships” nümayəndələri ilə görüş üçün Qlazqoda səfərdə olublar. Təcrübə mübadiləsi məqsədilə baş tutan bu səfər tərəflər arasında qarşılıqlı əməkdaşlığa böyük töhfə verib.
Daha sonra ASCO-nun İnsan resurslarının idarəedilməsi departamentinin rəisi Sevda Məmmədova və “V.Ships”in Baş kommersiya direktoru James Muir təmsil etdikləri şirkətlərin kadr siyasəti və işə qəbul prosesi barədə geniş təqdimatlarla çıxış ediblər.
Qeyd edək ki, 40 ilə yaxın təcrübəyə malik olan İrlandiyanın “V.Ships” şirkəti müştərilərinə gəmilərin idarəedilməsi, gəmilər üçün texniki xidmətlər, risklərin idarəolunması, satınalma, maliyyə kimi müxtəlif sahələr üzrə xidmətlər təklif edir.

Nəqliyyat 2023-06-20 15:50:00