×
A
A
A
Sazlamalar

Balakən və Zaqatala rayonlarının ərazisindən axan çaylardan sel keçib

Bakı, 20 iyun, AZƏRTAC

Milli Hidrometeorologiya Xidmətinin iyunun 20-si saat 10:00-a olan məlumatına əsasən, ölkə ərazisində hava şəraiti qeyri-sabit olub, bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.
Xidmətdən AZƏRTAC-a verilən məlumata görə, düşən yağıntının miqdarı Balakəndə 24, Zaqatalada 18, Lənkəran, Altıağac, Sarıbaş, Ceyrançöl, Qax, Şəki, Quba, Xaltan, Şabran, Göytəpə, Şahdağda 7 millimetrədək olub.
Leysan yağış nəticəsində Balakən rayonu ərazisindən axan Balakənçay, Katexçay və Zaqatala rayonu ərazisindən axan Talaçaydan sel keçib.
Şərq küləyi əsib, arabir Gəncə, Bakı və Abşeron yarımadasında 20, Göygöl, Naftalanda 18 metr/saniyəyədək güclənib. Neft Daşları meteoroloji stansiyasının məlumatına əsasən, Xəzər dənizində dalğanın hündürlüyü 2.3 metrə çatıb.
Qrız (Quba), Qax, Şahdağ (Qusar), Sumqayıt, Daşkəsən, Lerikdə duman müşahidə olunub. Görmə məsafəsi 50 metrədək məhdudlaşıb.
Havanın maksimal temperaturu iyunun 19-da iqlim norması daxilində olub. Belə ki, Bakıda və Abşeron yarımadasında 32, Naxçıvan Muxtar Respublikasında 35, dağlıq rayonlarda 24, Aran rayonlarında 33 dərəcəyədək isti qeydə alınıb.

Ekologiya 2023-06-20 11:06:00