×
A
A
A
Sazlamalar

Bakıdan bir neçə rayon istiqamətinə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

Bakı, 19 iyun, AZƏRTAC

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) şəhərlərarası sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində iyunun 2-də 6 istiqamət üzrə müsabiqəyə təqdim etdiyi “Bakı-Şabran-Bakı”, “Bakı-Siyəzən-Bakı”, “Bakı-Göyçay-Bakı”, “Bakı-Oğuz-Bakı”, “Bakı-İsmayıllı-Bakı” və “Bakı-Cəlilabad-Bakı” şəhərlərarası müntəzəm avtobus marşrutlarının müvafiq reysləri üzrə müsabiqəni iyulun 18 və 19-da keçirəcək.
AYNA-dan AZƏRTAC-a bildirilib ki, iddiaçıların təklifləri komissiya tərəfindən “Bakı-Şabran-Bakı” və “Bakı-Cəlilabad-Bakı” istiqamətlərində 7 Lot üzrə iyulun 18-də, “Bakı-Siyəzən-Bakı”, “Bakı-Göyçay-Bakı”, “Bakı-Oğuz-Bakı” və “Bakı-İsmayıllı-Bakı” istiqamətində 6 Lot üzrə iyulun 19-da müsabiqə keçirilən zaman açıqlanacaq.
Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununa, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli qərarı ilə təsdiq edilən “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq təşkil edilir.

Nəqliyyat 2023-06-19 12:05:00