×
A
A
A
Sazlamalar

“Google Analytics 4” xidməti yenilənib

Bakı, 12 iyun, AZƏRTAC

“Google Analytics” (GA) “Google” şirkəti tərəfindən təklif olunan veb-səhifələrin trafikini izləyən və onlar haqqında hesabat təqdim edən ödənişsiz veb-analitika xidmətidir. GA vasitəsilə sayt istifadəçilərinin sayı, burada keçirilən vaxtın müddəti və s. parametrlər üzrə məlumatlar əldə etmək mümkündür.
AZƏRTAC xəbər verir ki, bu barədə İnformasiya Texnologiyaları İnstitutunun baş mütəxəssisi Aqşin Paşayev məlumat verib.
A.Paşayev “Google Analytics”in inkişaf mərhələləri, burada məlumatların toplanması və saytların qeydiyyatı, “Universal Analytics”dən yeni “Google Analytics” 4-ə keçid və s. haqqında məlumat verib.
O bildirib ki, “Google Analytics”in tarixi 1995-ci ildə Paul Muret, Jek Ankone, Bret Krosbi və Skot Krosbi tərəfindən əsası qoyulan, əvvəlki adı “Urchin Software Corporation” olan şirkətin yaradılması ilə başlayır. “Google Analytics”da məlumatların toplanması və saytların qeydiyyatı prosesində şəxsin elektron poçt hesabı olmalı, veb-resurs qeydiyyatdan keçirilməli, müəyyən olunmuş kod bütün veb-səhifələrə yerləşdirilməlidir.
Sonra tədqiqatçı yenilənmiş “Google Analytics 4” (GA4) haqqında məlumat verərək onun veb-sayt və mobil tətbiq arasında trafiki və əlaqəni birlikdə ölçməyə və təhlil etməyə imkan verən yeni nəsil analitika xidməti olduğunu qeyd edib. Bildirib ki, GA4 məlumatları əvvəlkindən daha fərqli şəkildə toplayır, saxlayır və təqdim edir. Bununla yanaşı, istifadəçi davranışını daha yaxşı başa düşmək, vacib məlumatları daha sürətli toplamaq, eləcə də istifadəçi məxfiliyinə diqqət yetirmək üçün daha yaxşı texnologiyalardan istifadə edir.
“Google Analytics 4”də olan yeniliklərə veb-sayt və mobil tətbiq məlumatlarının vahid hesabat formasında təqdim edilməsi, hadisələrə əsaslanan məlumat modelindən istifadə edilməsi, daha çox istifadəçi kateqoriyasının olması, həmçinin maşın təlimindən (machine learning) istifadə aiddir. GA4-də ən böyük yeniliklərdən biri isə ənənəvi veb-sayt izləmə ilə yanaşı, mobil proqram məlumatlarının da toplamasının asan olmasıdır”, - deyə o bildirib.

 

 

Texnologiya 2023-06-12 15:12:00