×
A
A
A
Sazlamalar

“Tərəkəmə yurdu” folklor turizmi məkanının yaradılması və təbliği layihəsinin icrasına başlanılıb

Bakı, 12 iyun, AZƏRTAC

Turizm infrastrukturunun inkişaf etdirilməsi, turizm xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, regional turizmin inkişafı, prioritet turizm bazarları üçün xüsusi turizm məhsullarının yaradılması və turizm sahəsində innovasiyaların, həmçinin tədqiqatların stimullaşdırılması, habelə turizm sahəsində maarifləndirmə işinin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi tərəfindən elan edilmiş qrant müsabiqəsinin qaliblərindən biri Ağsu rayonu Gəgəli bələdiyyəsidir.
AZƏRTAC xəbər verir ki, bələdiyyə “Tərəkəmə yurdu” folklor turizmi məkanının yaradılması və onun təbliğ edilməsi layihəsinin icrasına başlayıb.
Layihə Ağsu rayonu Gəgəli kəndi ərazisində bütün mövsümlərdə tərəkəmə həyat tərzini bir yerdə yaşamaq, onu əyani olaraq təcrübə etmək imkanı yaradır. Kiçik bir tərəkəmə təsərrüfatı əsasında lokal tərəkəmə həyatını xatırladan bir neçə çadırdan ibarət öz tarixi adını təmsil edən "Axtaçı" adlı obanın formalaşdırılması nəzərdə tutulur. Turistlər həmin obaya gəlib orada müddətli yaşaya, birbaşa həmin tərəkəmə həyatına daxil ola biləcəklər. Onların heyvanların saxlanılması, otarılması, sağılması, qırxılması və s. bütün proseslərə qoşulmaq imkanları olacaq.
Layihənin rəhbəri və müəllifi Ağsu rayonu Gəgəli bələdiyyəsinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlillidir.


 

 

Turizm 2023-06-12 11:30:00