×
A
A
A
Sazlamalar

Arazdəyəndə iri metallurgiya zavodu inşa olunarsa, Araz çayı yenidən ağır tullantılarla çirkləndiriləcək

Bakı, 10 iyun, AZƏRTAC
Ermənistan Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd bölgəsində Arazdəyəndə ABŞ şirkəti ilə birgə iri metallurgiya zavodunu inşa etmək niyyətindədir. Bu da Naxçıvan üçün ekoloji təhdid, ekoloji terror anlamına gəlir. Ermənistanın Azərbaycana qarşı ekosidi ilə əlaqədar 30 illik acı təcrübə var. Ermənistan Araz çayının qolu olan Oxçuçayı dəhşətli dərəcədə çirkləndirib. Ermənistandakı Qacaran mis-molibden zavodu və Qafan filiz emalı kombinatının ağır istehsal tullantıları Oxçuçaya axıdılır. Otuz ildir bununla bağlı həyəcan təbili çalınıb beynəlxalq təşkilatlara müraciətlər olunsa da, Ermənistan buna əməl etmir. Bu dəfə də həmin proses baş verəcək. Araz çayı onsuz da həddən artıq çirkləndirilib. Çayın fauna və florası məhv edilib. Ötən ilin məlumatına görə, çayın balıq ehtiyatı dəhşətli dərəcədə azalıb, bunu hətta həvəskar balıq ovçuları da bildirirlər.
Bunu AZƏRTAC-a müsahibəsində “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli Ermənistanın Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd bölgəsində - Arazdəyəndə iri metallurgiya zavodunu inşa etmək niyyətinə münasibət bildirərək deyib.
“Ermənistan ənənəsinə sadiq qalaraq beynəlxalq konvensiyaları pozur. BMT-nin “Transsərhəd kontekstində ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” 1991-ci il Espo Konvensiyası var. Azərbaycan da, Ermənistan da həmin Konvensiyanın tərəfləridir. Həmin Konvensiyaya görə bir dövlət hansısa transsərhəd çayın üzərində metallurgiya zavodu və ya sənaye müəssisəsi inşa edirsə, transsərhəd çayın axıb töküldüyü digər ölkənin razılığını almalı, öz ölkəsində də, digər ölkədə də çayın monitorinqinə icazə verməlidir. Ermənistan isə nə Oxçuçayda, nə də Araz çayında buna imkan verir. Bizi narahat edən odur ki, Araz çayı yenidən ağır tullantılarla çirkləndiriləcək. Araz çayı həm, Azərbaycanın içməli su ehtiyatının bir hissəsini ödəyir, həm də təsərrüfat məqsədilə istifadə olunur. Suvarma məqsədilə istifadə olunsa belə bu, yenə təhlükəlidir. Çünki sonradan ağır xəstəliklərin yaranmasına gətirib çıxara bilər. Bütün bunları nəzərə alaraq Azərbaycanın ekolojiyönümlü qeyri-hökumət təşkilatları etiraz bəyanatı imzaladı, çağırışlar etdi. Ümid edirik ki, bu dəfə çağırışlarımız nəticəsiz qalmayacaq”, - deyə E.Cəfərli qeyd edib.

Ekologiya 2023-06-10 18:56:00