×
A
A
A
Sazlamalar

Azərbaycan Ümumdünya Aeronaviqasiya Sammitinə ev sahibliyi edəcək

Bakı, 9 iyun, AZƏRTAC

2024-cü ilin iyun ayında Azərbaycan Mülki Aviasiyası üçün tarixi əhəmiyyətli tədbir baş tutacaq - ölkə növbəti Ümumdünya Aeronaviqasiya Sammitinə və CANSO-nun 28-ci illik ümumi iclasına ev sahibliyi edəcək.
AZAL-dan AZƏRTAC-a bildirilib ki, bu barədə Berlində keçirilən CANSO sammitində elan verilib.
CANSO Beynəlxalq mülki aviasiya aeronaviqasiya təminatı provayderləri təşkilatıdır. Bu gün təşkilata 180-dən çox üzv, o cümlədən 2005-ci ildən üzv olmuş Azərbaycan daxildir.
Azərbaycan MDB və regionun bir çox digər ölkələrinin tarixində bu tədbirə ev sahibliyi etmək üçün CANSO-nun İcraiyyə Komitəsinin razılığını əldə etmiş ilk ölkədir. Daha əvvəllər sammit Dublin, Vankuver, Kopenhagen, Banqkok və Cenevrə kimi şəhərlərdə keçirilib.
CANSO-nun Bakıda beynəlxalq sammit keçirmək qərarı Azərbaycanın aeronaviqasiya sahəsində əldə etdiyi nailiyyətlərin və nüfuzunun bariz nümunəsidir.
Bakıda keçiriləcək sammitdə dünyanın 150 ölkəsini təmsil edən mülki aviasiya sahəsinin 350-dən çox rəhbərinin iştirakı gözlənilir. Onlar hava nəqliyyatının optimallaşdırılması və təhlükəsiz və dayanıqlı qlobal hava nəqliyyatı zəncirinin qurulmasında əməkdaşlığın ən aktual problemlərini müzakirə etmək üçün bir araya gələcəklər.
CANSO sammiti beynəlxalq aviasiya sahəsində ən əlamətdar tədbirlərdən biridir. CANSO-nun Ümumdünya Aeronaviqasiya Sammiti çərçivəsində hər il dünya liderləri və bütün mülki aviasiya sənayesinin ali rəhbərliyi, həmçinin ICAO, EUROCONTROL və IATA kimi beynəlxalq təşkilatların nümayəndələri bir araya toplanırlar.
CANSO dünya hava nəqliyyatının 85 faizdən çoxunu əhatə edir və dünyanın hər yerindən aeronaviqasiya təminatı provayderlərini, aviasiya orqanlarının tənzimləyici və icra qurumlarını və aviasiya sahəsinin sənaye liderlərini birləşdirir.

Nəqliyyat 2023-06-09 18:39:00