×
A
A
A
Sazlamalar

Metropolitenin stansiya və tunellərində ventilyatorlar yay rejiminə keçirilib

Bakı, 9 iyun, AZƏRTAC

Son illərdə “Bakı Metropoliteni”nin stansiya və tunellərində mikroiqlim sisteminin yenilənməsi istiqamətində əhəmiyyətli addımlar atılıb. Yeni və daha güclü ventilyatorların və təbii havalandırma qurğularının tətbiqi ilə yanaşı, 2018-ci ildə güclü ventilyatorların iş qrafikinin dəyişdirilməsi müsbət təsirlərini göstərməkdədir.
Bunu AZƏRTAC-a açıqlamasında “Bakı Metropoliteni”nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov bildirib. Metropoliten rəsmisi qeyd edib ki, Bakının iqlim şəraiti nəzərə alınmaqla, tətbiq edilən yeniliklərə əsasən, ventilyatorların iş rejimi fəsillər üzrə qurulmağa başlanıb. Hər fəslin ümumi xarakterik hərarəti, rütubətlilik və digər mikroiqlim parametrləri üzrə aparılmış monitorinqlərin nəticələrinə uyğun qrafiklər tərtib olunur.
Onun sözlərinə görə, “Bakı Metropoliteni”nin stansiyaları və tunellərində ventilyasiya sisteminin iş rejimi yay qrafikinə keçirilib. Fəsillər üzrə tərtib olunan qrafik gün ərzində havanın hərarətindən asılı olaraq, ventilyatorların axına və sovurmaya işləməsini də nəzərdə tutur. Əsas hesabatlara uyğun olaraq, tunel və stansiya ventilyatorlarının iş rejimi fərqli qurulur. Bu zaman dempferlərin qoşulması və qatarların hərəkətindən yaranan hava kütləsinin dövr etməsi nəticəsində stansiyalarda sabit mikroiqlim mühitinin yaranması təmin edilir. Buna nümunə olaraq, günün isti saatlarında stansiyalarda yerləşən ventilyatorların axına deyil, sovurmaya işləməsi qeyd oluna bilər. Nəticədə, isti hava kütləsinin stansiyalara vurulmasının qarşısı alınmaqla mikroiqlim mühiti optimallaşdırılır. Lakin ventilyasiya sisteminin iş rejimi yay fəslinə uyğunlaşdırılsa da, hava haqqında proqnozlaşdırılan məlumatlar və digər məsələlər diqqətdə saxlanılır. Bu monitorinqlər hər fəsil ərzində də operativ qərarların verilməsini istisna etmir.
B.Məmmədov əlavə edib ki, metropolitenində ventilyatorların (süni havalandırma sistemi) və dempferlərin (təbii havalandırma sistemi) mərkəzləşdirilmiş idarəetmə prinsipləri tətbiq edilir. Bu isə dispetçerə sovurmaya və axına çalışan ventilyatorların iş rejimini dəyişmək imkanı verir. Bu məqsədlə “Bakı Metropoliteni”ndə bütün ventilyatorların idarəetməsi müvafiq fiberoptik kanallar vasitəsilə yenidən qurulub və məsafədən müasir idarəetmə sistemləri tətbiq olunub.
Vurğulayıb ki, “Bakı Metropoliteni”ndə mikroiqlim nəzarəti iki mühüm sahə vasitəsilə həyata keçirilir. Birincisi, ay ərzində ən azı iki dəfə olmaqla, müasir diaqnostika kompleksi bütün stansiyalar üzrə mikroiqlim məlumatlarını avtomatik qeydə alaraq, arxivləşdirir. Bununla yanaşı, hər gün qrafik üzrə stansiyalarda müasir əl cihazları ilə ölçmələr aparılır. Bu sırada havanın hərarəti, rütubətliliyi, oksigen miqdarı, tozluluğu və s. parametrlər üzrə bir stansiyanın 15-20 nöqtəsində ölçmələr təşkil edilir. Müasir cihazlar vasitəsilə bu nəticələr arxivləşdirilərək təhlillər aparılır.

 

Nəqliyyat 2023-06-09 16:11:00