×
A
A
A
Sazlamalar

Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşı iki sertifikatla təltif olunub

Bakı, 9 iyun, AZƏRTAC

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Azərbaycandakı səfirliyinin təşkil etdiyi ingilis dili kurslarında yüksək nəticə göstərən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) əməkdaşı iki sertifikatla təltif olunub.
RSXM-nin İnformasiya şöbəsindən AZƏRTAC-a bildirilib ki, elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstərcilərinin yaxşılaşdırılması üçün “2022-ci il üzrə Yol Xəritəsi” çərçivəsində AMEA-nın təşkilatçılığı və ABŞ-ın Azərbaycandakı səfirliyinin dəstəyi ilə gənc tədqiqatçıların ingilis dilində akademik yazı bacarıqlarının yaxşılaşdırılması məqsədilə həyata keçirilən “Virtual EL Educator” proqramı yekunlaşıb.
Amerikalı təlimçi Erin Karl tərəfindən keçirilən onlayn kursun birinci semestri 2022-ci ilin oktyabr-dekabr aylarında, ikinci semestri isə 2023-cü ilin mart-may aylarında təşkil edilib. Birinci semestrdə 90 gənc tədqiqatçı iştirak edib və onlardan daha yüksək nəticə göstərən 50 nəfər ikinci semestrə vəsiqə qazanıb. Onu da qeyd edək ki, kurs zamanı dinləmə, oxuma, danışma və yazı bacarıqları ilə yanaşı, akademik yazı, ünsiyyət, məlumat mübadiləsi və təqdimat bacarıqları üzrə təlimlər təşkil edilib.
Kursu uğurla yekunlaşdıran gənclərin sertifikatlarla təltif edilməsi məqsədilə AMEA-nın Mərkəzi Elmi Kitabxanasında tədbir keçirilib.
Tədbirdə kursu uğurla bitirən gənclərə sertifikatlar təqdim olunub və xatirə şəkli çəkilib. AMEA nəzdində RSXM-nin “Bakı” seysmik stansiyasının əməkdaşı Nərmin Təhlətli ingilis dili kursunda hər iki semestr üzrə yüksək nəticə göstərdiyinə görə təşkilatçılar tərəfindən iki sertifikatla təltif olunub.

 

 

Ekologiya 2023-06-09 15:06:00