×
A
A
A
Sazlamalar

Qurban bayramı ilə əlaqədar Bakı-Qəbələ-Bakı istiqamətində qatar sayı artırılıb

Bakı, 7 iyun, AZƏRTAC

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) 26 iyun - Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü və 28-29 iyun - Qurban bayramı ilə əlaqədar elan edilmiş qeyri-iş günlərində Bakı-Qəbələ-Bakı istiqaməti üzrə artan sərnişin tələbatının qarşılanması məqsədilə xəttə 10 əlavə qatar reysi təyin edib.
ADY-dən AZƏRTAC-a bildirilib ki, iyunun 26, 27, 28, 29 və 30-da Bakı-Qəbələ-Bakı istiqamətlərində əlavə reys üzrə sürətli sərnişin qatarlarının hərəkət cədvəlində də müvafiq dəyişikliklər olunub.
Belə ki, Bakı Dəmiryol Vağzalından saat 7:30-da yola düşən qatar Qəbələyə saat 10:50-də, əks istiqamətdə saat 19:30-da Qəbələ Dəmiryol Vağzalından yola düşən qatar isə mənzil başına saat 22:50-də çatacaq.
Qeyd edək ki, yay mövsümünün başlanması ilə bağlı sərnişinlərin çoxsaylı müraciətləri nəzərə alınaraq, onların Qəbələdə daha çox maraqlı vaxt keçirmələri üçün iyulun 1-dən etibarən şənbə və bazar günləri olmaqla qatarların hərəkət cədvəli yuxarıda qeyd edilmiş bayram günlərinin qrafiki üzrə yenilənəcək.
Qeyd edək ki, ADY bu ilin martın 18- dən etibarən ölkə tarixində ilk dəfə olaraq Bakı-Qəbələ-Bakı marşrutu üzrə sərnişin daşımalarına start verib. Hazırda Bakı-Qəbələ-Bakı sürətli sərnişin qatarı həftənin şənbə və bazar günləri hərəkət edir.
Marşrut üzrə bir istiqamətə gediş haqqı standart sinif üçün 14 AZN təşkil edir. Biletləri Bakı Dəmiryol Vağzalının kassalarından və ya ADY-nin rəsmi saytından onlayn əldə etmək mümkündür.

Nəqliyyat 2023-06-07 10:58:00