×
A
A
A
Sazlamalar

Bakıda seysmologiyanın inkişafı məsələləri müzakirə olunur

Bakı, 6 iyun, AZƏRTAC
İyunun 6-da Bakıda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Seysmologiya və mühəndis seysmologiyası” üzrə VII Beynəlxalq konfrans işə başlayıb.
AZƏRTAC xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə Fəxri xiyabanda Ümummilli Liderin məzarını ziyarət edib, önünə əklil qoyub, üzərinə tər güllər düzüblər. Görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın da məzarı ziyarət olunub, məzarı üzərinə tər güllər düzülüb.
Konfransda çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik İsa Həbibbəyli Azərbaycanda seysmologiya xidmətinin əsaslarının Ulu Öndər tərəfindən yaradıldığını, onun göstərdiyi dəstək sayəsində inkişaf etdiyini və hazırda Prezident İlham Əliyevin ölkə həyatının bütün sahələri ilə bərabər, seysmologiyanın da inkişafına böyük diqqət və qayğı göstərdiyini vurğulayıb: “Hazırda ölkə başçısının dəstəyi ilə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi işğaldan azad olunmuş ərazilərdə seysmoloji xidmət mərkəzlərini qurmağa başlayıb. Bu il onlardan bir neçəsinin açılışı olacaq və bütün zəruri hazırlıq işləri də görülür. Bu prosesdə qardaş Türkiyə Cümhuriyyətinin də göstərdiyi diqqət və qayğını qeyd etməyi özümə borc bilirəm. Bu gün başlayan konfransla seysmologiyanın ən aktual məsələlərini, seysmologiya xidmətinin təcrübəsini, ənənələrini, yeniliklərini beynəlxalq ictimaiyyətlə bir yerdə müzakirə edib, mühüm elmi nəticələrə gəlinəcək. Ölkəmizin ayrı-ayrı dövlət qurumları üçün seysmoloji xidmətin təşkilini müasir səviyyəyə qaldırmaq böyük əhəmiyyətə malikdir”.
Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurasının (TÜBİTAK) rəhbəri, professor Hasan Mandal təbii fəlakətlərin başvermə tezliyinin getdikcə artacağını, ölkələrin onun nəticələrini aradan qaldırmaqda çətinliklə üzləşəcəyini diqqətə çatdırıb. Bildirilib ki, gələcəkdə təbii fəlakətlərlə yanaşı, qida çatışmazlığı ilə bağlı da problemlərin yaşanacağı gözlənilir.
Fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev çıxışı zamanı zəlzələlərin öncədən proqnozlaşdırıla bilinmədiyini, lakin onun acı nəticələrinin qarşısını almağın mümkün olduğunu deyib. Bu ilin fevralında Türkiyədə baş vermiş zəlzələ zamanı dağıntılar altında qalanların çıxarılmasında FHN əməkdaşlarının fəal iştirak etdiyini deyən general-leytenant fikirlərinə belə davam edib: “Zəlzələ bölgəsində 24 saat ərzində çalışırdıq. Türkiyədəki zəlzələdə əməkdaşlarımız tərəfindən dağıntılar altından 780 nəfərin cansız bədəni, 53 nəfər isə canlı olaraq çıxarılaraq təhvil verilib. Biz orada zamanla yarışırdıq. Kiminsə uçqunlar altından çıxarılması uzun zaman ala bilirdik. Orada hansısa cüzi səhvə yol verilməsi həmin şəxsin həyatını itirməsi ilə nəticələnə bilərdi”.
Konfransda, həmçinin Böyük Britaniyalı seysmoloq Yan Pirs, ABŞ-dan Erik Sandvol, Gürcüstandan Tea Godoladze və Rusiyadan gəlmiş Boris Trifonov çıxış edərək tədbirin əhəmiyyətinə toxunub, müzakirə olunacaq mövzuların seysmologiya elminin inkişafına töhfə verəcəyini bildiriblər.
Türkiyə, Özbəkistan, Rusiya, İtaliya, ABŞ, Yaponiya, Böyük Britaniya və digər ölkələrdən alimlər, aidiyyəti şəxslərin iştirak etdiyi konfransın işinə iyunun 9-da yekun vurulacaq. İyunun 8-də konfrans iştirakçılarının Şuşaya səfəri gözlənilir.
Tədbir panel sessiyalarla davam edir.

Ekologiya 2023-06-06 13:57:00