×
A
A
A
Sazlamalar

Qeyri-sabit hava şəraiti iyunun 9-u səhərədək davam edəcək

Bakı, 6 iyun, AZƏRTAC

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin iyunun 6-sı saat 09:00-a olan məlumatına əsasən, respublikanın bəzi yerlərində şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.
Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova AZƏRTAC-a bildirib ki, düşən yağıntının miqdarı Qusarda 16, Qaxda 15, Balakəndə 6, Zaqatala, Göygöl, Daşkəsən, Şəmkir, Şəki, Quba, Şahdağ, Yardımlıda 5 millimetrədək olub.
Şimal-qərb küləyi əsib, Bakıda və Abşeron yarımadasında arabir 23-25 metr/saniyəyədək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən, Xəzər dənizində dalğanın hündürlüyü 2.4 metrə çatıb.
İyunun 5-də havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 33, Naxçıvan Muxtar Respublikasında 36, dağlıq rayonlarda 26, yüksək dağlıq ərazilərdə 15, Aran rayonlarında 34 dərəcəyədək isti olub.
G.Məmmədovanın sözlərinə görə, ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraiti iyunun 9-u səhərədək davam edəcək.
“Ölkə ərazisinin bəzi yerlərində arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Gözlənilən yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bir sıra dağ çaylarından qısamüddətli sel keçəcəyi gözlənilir”, - deyə G.Məmmədova bildirib.

Ekologiya 2023-06-06 09:35:00