×
A
A
A
Sazlamalar

Gənc diplomatlar üçün “Xarici Siyasət Proqramı”nın Məzun günü

Bakı, 5 iyun, AZƏRTAC

İyunun 5-də ADA Universitetinin Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə birgə əməkdaşlığı çərçivəsində təşkil edilən gənc diplomatlar üçün “Xarici Siyasət Proqramı”nın bağlanış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, 2022-ci ilin oktyabrından bu ilin may ayına qədər davam edən və 38 gənc diplomatın iştirak etdiyi proqramın bağlanış mərasimində ADA Universitetinin rektoru professor Hafiz Paşayev, xarici işlər naziri Ceyhun Bayramov və ADA Universitetinin prorektoru, eləcə də İnkişaf və Diplomatiya İnstitutunun (IDD) direktoru Fariz İsmayılzadə salamlama nitqi ilə çıxış ediblər.
ADA Universitetinin prorektorunun müşaviri və İnkişaf və Diplomatiya İnstitutunun direktor müavini Aygün Hacıyeva, həmçinin Xarici İşlər Nazirliyinin Kadrlar idarəsinin rəisi Raman Məmmədov proqramın yekunlarına dair çıxış ediblər.
Salamlama nitqində Fariz İsmayılzadə nəzərə çatdırıb ki, bu gün baş tutan Məzun günündə gənc diplomatlara rektor Hafiz Paşayev və xarici işlər naziri Ceyhun Bayramovla ünsiyyət qurmaq və onların təcrübələrindən yararlanmaq fürsəti təqdim edilib. XİN-lə müxtəlif layihələr çərçivəsində əməkdaşlığın uğurla davam etdirildiyini vurğulayan F. İsmayılzadə bu proqramların diplomatların peşəkar bacarıqlarının inkişafına xidmət etdiyini söyləyib.
Proqram iştirakçılarını təbrik edən rektor Hafiz Paşayev onlara ölkəmizin maraqlarını məsuliyyətlə yetirmələri üçün daim öyrənməyi, xüsusilə də tariximizlə bağlı dərin biliklərə yiyələnməyi tövsiyə edib. Prezident İlham Əliyevin 2006-cı ildə Azərbaycan Diplomatik Akademiyasını təsis edərkən diplomatların yetişdirilməsi ilə bağlı verdiyi tapşırığı xatırladan rektor “Xarici Siyasət Proqramı”nın həmin tapşırıqdan irəli gəldiyini diqqətə çatdırıb.
Tədbirdə çıxış edən xarici işlər naziri Ceyhun Bayramov proqramın uğurlu bir təşəbbüs olduğunu bildirib. “Bu proqrama 38 diplomat daxil edilib. Proqrama seçilənlər yalnız test sistemindən keçməyiblər, onlar, həmçinin digər mərhələlərdə - müsahibələrdə iştirak ediblər, yazılarını təqdim ediblər”, - deyə nazir qeyd edib.
C.Bayramov diplomatların xaricdə Azərbaycanın maraqlarını uğurlu şəkildə müdafiə edəcəyinə inandığını vurğulayıb.
Aygün Hacıyeva bu il 17-cisi keçirilən “Xarici Siyasət Proqramı”nın yekunlarını təqdim edib. IDD-nin direktor müavini bildirib ki, proqram çərçivəsində 48 mövzu üzrə ümumilikdə 81 peşəkar çıxışçı tərəfindən dəyirmi masa formatında müzakirə, simulyasiya və interaktiv sessiyalar keçirilib. Həmin çıxışçılar sırasında ADA Universitetinin professor-müəllim heyətinin üzvləri, dövlət qurumlarının, yerli və xarici tərəfdaş tədqiqat mərkəzlərinin təcrübəli əməkdaşları və xüsusilə də XİN-in idarə rəisləri yer alıblar.
XİN-in İdarə rəisi Raman Məmmədov çıxışında rəhbər heyətin proqramın məzmununun strukturlaşdırılmasında yaxından iştirak etdiyini bildirib. Əlavə edib ki, proqramın nəzəri və praktiki elementləri gənc diplomatların bacarıqları nəzərə alınmaqla işlənib-hazırlanıb və onun kurrikulumu həyata keçirilən mütəmadi müzakirələr nəticəsində daha da inkişaf etdirilib.
Sonra XİN-in Mətbuat xidməti idarəsinin əməkdaşı və eləcə də ADA Universitetinin məzunu Nigar Eyvazzadə iştirakı ilə bağlı təəssüratlarını bölüşərək bildirib ki, sözügedən proqram onlara yeni biliklər qazandırmaqla yanaşı, eyni zamanda, fərqli şöbələrdə fəaliyyət göstərən həmkarları ilə əməkdaşlığını daha da gücləndirib.
İqtisadi əməkdaşlıq idarəsini təmsil edən gənc diplomat Ramil Abdullayev proqram çərçivəsində əldə etdiyi bilik və təcrübənin fəaliyyətində əvəzsiz təsirə malik olacağına əminliyini ifadə edib.
Daha sonra “Xarici Siyasət Proqramı”nın fəaliyyəti ilə bağlı videoçarx nümayiş olunub.
Sonda iştirakçılara sertifikatlar təqdim edilib və xatirə şəkli çəkilib.
Qeyd edək ki, gənc diplomatlar üçün “Xarici Siyasət Proqramı” çərçivəsində keçirilən təlimlər Azərbaycanın diplomatiya tarixi, daxili və xarici siyasəti, habelə “Elektron hökumət” və rəqəmsal transformasiya, miqrasiya siyasəti kimi mövzuları əhatə edib. Bununla yanaşı, proqram ərzində Azərbaycan mədəniyyətinin xaricdə təşviqi, nəqliyyat şəbəkəsindəki mərkəzi rolu, “Böyük Qayıdış” proqramı və milli təhlükəsizliyin hərbi-siyasi aspektləri də müzakirə edilib.
Diplomatların peşəkar bacarıqlarının artırılması üçün onlara işgüzar əlaqələrin qurulması, özünütəqdim, emosional intellekt, bədən dili, diplomatik protokol, effektiv yazı və digər əhəmiyyətli mövzular üzrə praktiki təlimlər də keçirilib.
Proqram çərçivəsində Şuşa, Ağdam və Naxçıvan şəhərlərinə təşkil edilən səfərlər, o cümlədən Bakı Limanı, Milli Məclis, “ASAN xidmət” mərkəzlərinə ziyarətlər iştirakçıların biliklərini artırıb, onları həmin qurumlardakı administrativ proseslərlə daha da yaxından tanış edib.

Elm və təhsil 2023-06-05 19:24:00