×
A
A
A
Sazlamalar

Ümumdünya Ətraf Mühit Günündə çay sahilləri tullantılardan təmizlənib

 

Bakı, 5 iyun, AZƏRTAC

5 İyun Ümumdünya Ətraf Mühit Günü ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin, Qida Təhlükəsizliyi Agentliyinin, Dövlət Aqrar İnkişaf Mərkəzinin, rayon icra hakimiyyətlərinin dəstəyi ilə təmizlik aksiyaları keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, bu dəfə respublikanın bir sıra bölgələrində həmin qurumların əməkdaşlarının və könüllülərin iştirakı ilə çay sahilləri müxtəlif tullantılardan təmizlənib. Toplanmış plastik və digər tullantılar aidiyyəti üzrə daşınıb.
Təmizlik aksiyalarının keçirilməsində məqsəd sahilyanı ərazilərin daimi təmizliyini təmin etmək, təbiət ərazilərində əhali tərəfindən təmizliyə riayət olunmasını təbliğ və təşviq etmək, müəyyən olunmayan ərazilərə məişət tullantıları atılmasının qarşısını almaq və ictimaiyyəti ətraf mühitin mühafizəsi sahəsində mübarizəyə cəlb etməkdir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi hər kəsi ətraf mühitin mühafizəsinə yönələn bu cür tədbirlərdə fəal iştirak etməyə, ətraf mühitə qayğı və həssas münasibət göstərməyə çağırır.
Xatırladaq ki, 1972-ci il iyunun 5-də Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının İsveçin paytaxtı Stokholm şəhərində keçirilən iclasında bu günün Ümumdünya Ətraf Mühit Günü kimi qeyd olunmasına qərar verilib. Hər il bir deviz altında keçirilən Ümumdünya Ətraf Mühit Gününün builki şüarı “Plastik çirklənməyə qalib gəl: Ekosistemin bərpası”dır.



 

Ekologiya 2023-06-05 14:30:00