×
A
A
A
Sazlamalar

Laurentsiu Regekampf: Final oyununda şanslar bərabər olur

Bakı, 2 iyun, AZƏRTAC

“Qəbələ” yaxşı komandadır. Rəqibə hörmətlə yanaşırıq. Onların finala qədərki yoluna nəzər yetirməliyik. Çox yaxşı komandaları məğlub edərək finala yüksəliblər. Bununla belə, biz sonadək döyüşməyə hazırıq.
AZƏRTAC xəbər verir ki, bu sözləri futbol üzrə Azərbaycan kuboku yarışlarının final matçında “Qəbələ” klubu ilə qarşılaşacaq “Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf iyunun 2-də təşkil olunan mətbuat konfransında deyib.
Rumıniyalı mütəxəssis qeyd edib ki, sabahkı oyunda qələbə qazanmaq üçün əlimizdən gələn hər şeyi edəcəyik, bütün şanslardan yararlanmağa çalışacağıq. Düşünürəm ki, bu oyuna hazırıq. Bununla belə, şanslar 50-nin 50-yədir. Həm 90, həm 120 dəqiqəyə, həm də penalti seriyasına hazırıq. Hər şey mümkündür. Bu cür oyunlarda baş məşqçilərin təcrübəsini müqayisə etmək olmaz. Biz futbolçuları həlledici görüşə daha yaxşı hazırlamağa çalışırıq. Final oyununda şanslar bərabər olur. Ən yaxşı oyunumuzu göstərməyə çalışacağıq. Sabah hansı klubu təmsil edəcəyimizi yaxşı bilirik. Bunu qürur hissi ilə etməliyik.
“Klubumuzu ən yaxşı tərəfdən təmsil etməliyik. Çünki “Neftçi” adı çox böyük addır. Hər bir futbolçu hansı klubun şərəfini qoruduğunu yaxşı dərk edir. Hər iki komanda ən yaxşı oyununu göstərməyə çalışacaq. Çox şadam ki, komanda olaraq finaladək irəliləmişik. Bununla qürur duymalıyıq. Bu o deməkdir ki, yaxşı işlər görmüşük. Mənim komandada qalıb-qalmamağımla bağlı heç bir problem yoxdur. Hər gün eyni inamla çalışıram. Nəyə qadir olduğumu bilirəm. Ona görə də işimi itirmək qorxusu ilə çalışmıram. Peşəkar məşqçiyəm, müqaviləyə imza atanda hansı risklər etdiyimi bilirdim. Hər gün belə hisslərlə işləyə bilmərəm. Bu mənim həyatımdır və əldə etdiklərimə görə xoşbəxtəm”, - deyə baş məşqçi əlavə edib.
“Neftçi”nin kapitanı Emin Mahmudov bildirib ki, yaxşı komandaya qarşı oynayacağıq. “Qəbələ” topla çox oynayan komandadır, topa daha çox nəzarət etməyə çalışır. Çalışacağıq öz oyunumuzu göstərib qələbə qazanaq. Finalda hamı kuboku qazanmaq istəyir. Çalışacağıq əlimizdən gələni edək ki, kubok bizim olsun”.Ardından baş məşqçi və kapitan media nümayəndələrinin suallarını cavablandırıblar.
“Neftçi”nin avrokuboklara vəsiqə qazanmağı bizim üzərimizdə əlavə təzyiq yaratmır. Düşünürəm ki, hər iki komandanın üzərində eyni dərəcədə təzyiq var. Həm biz, həm də onlar titul qazanmaq istəyir. Hazırda bütün diqqətim, fikrim kubokun finalındadır. İndiki halda kuboku qazanmaq müqavilədən daha vacibdir. Əsas məqsədim kuboku qazanmaqdır”, - deyə kapitan əlavə edib.
Qeyd edək ki, iyunun 3-də “Bakcell Arena”da oynanılacaq "Neftçi" - "Qəbələ" matçı saat 20:00-da start götürəcək.

İdman 2023-06-02 20:29:00