×
A
A
A
Sazlamalar

Əşyaların interneti texnologiyaları “ağıllı” şəhərlərdə tətbiq edilir

Bakı, 2 iyun, AZƏRTAC

Bizi əhatə edən bütün əşyaların internet şəbəkəsinə qoşulması “Əşyaların interneti” termininin (Internet of Things – IoT) yaradılmasına gətirib çıxarıb. “Əşyaların interneti” termini ilk dəfə 2005-ci ildə Beynəlxalq Telekommunikasiya İttifaqının hesabatında işlədildikdən sonra diqqəti cəlb etməyə başladı. 2008-ci ildə Sankt-Qallen Universiteti, Sürix Universiteti və Massaçusets Texnologiya İnstitutunun birgə təşkilatçılığı ilə Sürixdə əşyaların internetinə dair ilk beynəlxalq elmi konfrans keçirildi. 2010-cu ildən “Əşyaların interneti”nin yeni dövrü başladı. Məhz həmin ildə şəbəkəyə qoşulmuş əşyaların sayı 12,5 milyard təşkil edərək tarixdə ilk dəfə dünya əhalisinin sayını keçdi.
Bu barədə AZƏRTAC-a İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşı Orxan Mehdiyev məlumat verib. O bildirib ki, əsas ideyası şəhərin bütün xidmət və obyektlərini vahid kompüterləşdirilmiş sistemdə birləşdirib idarə etməkdən ibarət olan “ağıllı” şəhərin infrastrukturu yüksək texnologiyalar əsasında qurulur. Əşyaların internetinin bu şəhərlərdəki tətbiq sahələrinə nəqliyyatın intellektual idarə edilməsi, “ağıllı” işıqlandırma, trafik qaydalarının pozulmasına videonəzarət, ofis binalarının idarə olunması və s. aiddir.
“Ağıllı” şəhərin infrastrukturu fiziki, İKT və xidmətlər infrastrukturundan ibarətdir. Fiziki infrastruktur binalar, yollar, dəmir yolları, elektrik təchizatı xətləri və s. daxil olmaqla “ağıllı” şəhərin həqiqi fiziki quruluşudur. İKT infrastrukturu onun əsas “ağıllı” komponenti, xidmət infrastrukturu isə İKT komponentləri əsasında fiziki infrastrukturun idarə olunmasıdır.
O.Mehdiyev “ağıllı” şəhərlər üçün maliyyə, infrastruktur və təhlükəsizlik problemlərinin olduğunu da diqqətə çatdırıb. Qeyd edib ki, dayanıqlı “ağıllı” şəhər konsepsiyasına nail olmaq kifayət qədər maliyyə vəsaiti, yüksəksürətli internetin quraşdırılmasını, eləcə də “ağıllı” cihazların təhlükəsizlik sərhədlərinin və dəstəkləyici infrastrukturun gücləndirilməsini tələb edir.

Elm və təhsil 2023-06-02 18:23:00