×
A
A
A
Sazlamalar

Aparıcı startaplara dəstək mərkəzi SABAH.lab rebrendinq edib

Bakı, 2 iyun, AZƏRTAC

Azərbaycanın aparıcı startap və innovasiya mərkəzlərindən biri olan SABAH.lab rebrendinq edib.
Elm və Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, mərkəz artıq SABAH.HUB Akselerasiya Mərkəzi adı altında fəaliyyət göstərəcək.
Rebrendinq çərçivəsində şirkət yeni brend adını, altistiqamətlərini, loqotipini, rəsmi veb-sayt (www.sabahhub.com) və sosial media kanallarının adlarını yeniləyib.
SABAH.HUB, həmçinin yenilənmiş strukturunu açıqlayıb. Mərkəz artıq SABAH.HUB adı altında 3 qurum üzrə fəaliyyət göstərəcək: SABAH.akademiya, SABAH.inkubasiya və SABAH.lab.
SABAH.akademiya – təhsil platforması kimi sahibkarlıqla bağlı mürəkkəb bilikləri sadələşdirərək hər kəs üçün əlçatan edir. Dörd aylıq müddət çərçivəsində proqram universitetlərin 1-ci kurslarından startaplara, eləcə də korporasiyalara qədər fərqli auditoriyalara müraciət edir.
SABAH.inkubasiya – proqram ideyası olan startap komandalarına və individuallara öz ideyalarını inkişaf etdirməkdə dəstək olmaqla yanaşı, onları layihələşdirir və akselerasiyaya hazır vəziyyətə salır.
SABAH.lab – minimal mümkün məhsulu olan startapları 5 aylıq proqram çərçivəsində maliyyə, mentorluq və kouçinq dəstəyi göstərməklə inkişaf etdirib investisiyaya hazır vəziyyətə gətirir.
Qeyd edək ki, SABAH.lab 2021-ci ilin oktyabrında Təhsil İnstitutu nəzdində yaradılmış startap akselerasiya mərkəzidir. Şirkətin məqsədi Azərbaycanda rəqabətli ekosistem yaradaraq iqtisadi inkişafa töhfə vermək və regionun innovasiya mərkəzinə çevrilməkdir.

Elm və təhsil 2023-06-02 18:00:00