×
A
A
A
Sazlamalar

Ümumdünya Meteorologiya Təşkilatına ilk qadın baş katib seçilib

Bakı, 1 iyun, AZƏRTAC

İsveçrənin Cenevrə şəhərində Ümumdünya Meteorologiya Təşkilatı (ÜMT) tərəfindən 19-cu Ümumdünya Meteorologiya Konqresi keçirilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, konqresdə iştirak edən ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyevanın sözlərinə görə, konqres çərçivəsində argentinalı professor xanım Seleste Saulo ÜMT-nin ilk qadın baş katibi seçilib. O, 2024-cü il yanvarın 1-dən ÜMT-nin baş katibi qismində fəaliyyətə başlayacaq. S.Saulo 2014-cü ildən Argentina Milli Meteorologiya Xidmətinin direktorudur və hazırda Ümumdünya Meteorologiya Təşkilatının birinci vitse-prezidentidir.
U.Tağıyeva konqresdə ÜMT-nin prezidenti və vitse-prezidenti vəzifələri üzrə seçkilərin keçirildiyini də bildirib: “Seçkilərin nəticəsinə əsasən ÜMT-nin prezidenti Milli Meteorologiya Mərkəzinin baş direktoru, Birləşmiş Ərəb Əmirliklərinin daimi nümayəndəsi və ÜMT-nin Asiya Regional Assosiasiyasının prezidenti Abdulla Al Mandous seçilib”.
Qeyd edək ki, mayın 22-də işə başlayan 19-cu Ümumdünya Meteorologiya Konqresi iyunun 2-dək davam edəcək.

 

 

Ekologiya 2023-06-01 18:49:00