×
A
A
A
Sazlamalar

“Ağıllı” şəhərlər vətəndaşların həyat keyfiyyətini yaxşılaşdıracaq

Bakı, 1 iyun, AZƏRTAC

BMT-nin İqtisadi və Sosial Məsələlər Departamentinin 2018-ci ildə apardığı araşdırmaların nəticələrinə görə, 1950-ci illərdə dünya əhalisinin təxminən 30 faizi, 2014-cü ildə isə 55 faizi şəhərlərdə yaşayıb. Bu tədqiqatlara əsasən, 2030-cu ilədək dünya əhalisinin 60 faizinin, 2050-ci ilədək isə 70 faizinin müasir şəhərlərdə məskunlaşacağı proqnoz edilir. Mütəxəssislərin fikrincə, burada yeganə çıxış yolu “ağıllı” şəhərlərdir.
Bu barədə AZƏRTAC-a İnformasiya Texnologiyaları İnstitutunun böyük elmi işçisi texnika üzrə fəlsəfə doktoru Məmməd Həşimov məlumat verib.
Onun sözlərinə görə, “ağıllı” şəhər informasiya və kommunikasiya texnologiyalarından istifadə edərək vətəndaşlara səmərəli xidmətlər göstərmək üçün perspektivli bir həll kimi qəbul edilir. “Ağıllı” şəhərin yaradılmasında məqsəd vətəndaşların həyat keyfiyyətini yaxşılaşdırmaq və şəhər xidmətlərinin effektivlik səviyyəsini artırmaqdır.
“Ağıllı” şəhərin perspektivləri haqqında məlumat verən M.Həşimov qeyd edib ki, iqtisadi baxımdan “ağıllı” şəhərlər innovasiyaları stimullaşdıra və yeni biznes imkanları yarada bilər. Bu şəhərlər, həmçinin nəqliyyat və enerji kimi ictimai xidmətlərin səmərəliliyini artıra bilər ki, bu da xərclərə qənaət və iqtisadi artıma gətirib çıxarır. Sosial nöqteyi-nəzərdən “ağıllı” şəhərlər ictimai xidmətlərə çıxışı yaxşılaşdırmaq və urbanizasiyanın çirklənmə və nəqliyyat sıxlığı kimi mənfi təsirlərini azaltmaqla öz vətəndaşlarının həyat keyfiyyətini artıra bilər. Ətraf mühit baxımından isə bu şəhərlər karbon emissiyalarını azaltmaqla və resurs səmərəliliyini artırmaqla davamlılığı təşviq edə bilər. “Ağıllı” şəhərin komponentlərinə “ağıllı” infrastruktur, “ağıllı” mobillik, “ağıllı” enerji, “ağıllı” mühit, “ağıllı” idarəetmə və “ağıllı” iqtisadiyyat daxildir.
Sonra tədqiqatçı “ağıllı” şəhər və kritik infrastrukturlar haqqında söz açaraq kritik infrastrukturların cəmiyyət üçün xüsusilə vacib hesab edilən, müstəsna əhəmiyyətli, strateji təyinatlı infrastrukturlar olduğunu diqqətə çatdırıb. Əlavə edib ki, təbii və ya süni təsirlər nəticəsində fəaliyyətlərində ciddi risklərlə üzləşən kritik infrastrukturlar cəmiyyətin sabitliyi, idarə edilməsi və müdafiə qabiliyyəti üçün böyük təhlükə mənbəyi ola bilərlər.
Daha sonra M.Həşimov “ağıllı” şəhərlərdə kibertəhlükəsizlik risklərinin meydana çıxmasının bəzi səbəblərinin olduğunu nəzərə çatdırıb. Bildirib ki, bunlara standartlaşdırmanın olmaması, məhdud kibertəhlükəsizlik təcrübəsi, qeyri-kafi təhlükəsizlik tədbirləri və s. aiddir.
M.Həşimov bildirib ki, şəhər konsepsiyasını əhatə edən xidmətlərin kritik əhəmiyyətə malik olması səbəbi ilə onların təhlükəsizliyinə və etibarlılığına xüsusi tələblər irəli sürülür. Kibertəhlükəsizlik problemlərinin həlli üçün köhnə sistemlərin təkmilləşdirilməsi, hərtərəfli kibertəhlükəsizlik strategiyasının hazırlanması, kibertəhlükəsizlik ekspertləri ilə əməkdaşlıq əlaqələrinin qurulması və s. tədbirlər görülməlidir.

 

 

Elm və təhsil 2023-06-01 17:55:00