×
A
A
A
Sazlamalar

Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda Rusiyadan gələn arxeoloqlarla görüş

Bakı, 1 iyun, AZƏRTAC

Rusiya Federasiyasının Başqırdıstan Respublikasının Ufa Universitetinin nümayəndələri - tarix üzrə fəlsəfə doktoru, professor İlşat Baxşiyev, Ramil Nəsrətdinov və Roman Qabitov AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda olublar.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, görüşdə professor İlşat Baxşiyev Başqırdıstanda aparılan arxeoloji tədqiqat işlərindən danışıb və “rəqəmsal arxeologiya” metodundan istifadə etdiklərini diqqətə çatdırıb. Alim qeyd edib ki, bu metoddan Avropa ölkələrində geniş istifadə edilsə də, Başqırdıstanda son zamanlar tətbiq edilməyə başlanılıb. O, “rəqəmsal arxeologiya”nın üstünlüklərindən söz açaraq bu sahədə Azərbaycan arxeoloqlarını əməkdaşlığa dəvət edib. Bu metodla arxeoloji tədqiqatlar aparılarkən abidəyə heç bir zədə toxunmur və gələcək nəsillərə ötürülür. Çünki bu metodda “kvadrokopter”lərdən istifadə edilir. Bu da havada aparılan müşahidələr nəticəsində arxeoloji abidənin yerini, dərinliyini, əhatə sahəsini dəqiqliklə verir. Bunlar qazıntı işlərinin və aparılan tədqiqatların vaxt itkisinin qarşısını alır.
Qonaqlar “kvadrokopter”in iş prinsipindən danışıblar və otaqda oturaraq tədqiq olunacaq sahəni müşahidə etməyin mümkünlüyünü qeyd ediblər. Həmçinin bildiriblər ki, bunun sayəsində rəqəmsal plan tərtib etmək və hətta oxunması çətin olan yazıları da oxumaq mümkün olur. Bu aparat maqnit sahəsi ilə işlədiyi üçün dərinliyi də dəqiqliklə göstərir.
Sonda qonaqlar arxeoloqları maraqlandıran sualları cavablandırıblar.

Elm və təhsil 2023-06-01 12:04:00