×
A
A
A
Sazlamalar

“Şahdağ” Turizm Mərkəzi yay mövsümünün açılışına hazırlaşır - açıqlama

Bakı, 31 may, AZƏRTAC

Yaxın günlərdə “Şahdağ” Turizm Mərkəzində yay mövsümünün açılışına start veriləcək. Mərkəzə səfər edənlər kanat yollarından, müxtəlif yay əyləncələrindən, turizm xidmətlərindən istifadə edə biləcəklər.
Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq Mərkəzin mətbuat xidmətinin rəhbəri Orxan Bədəlov bildirib.
Onun sözlərinə görə, cari ilin yanvar-may ayları ərzində “Şahdağ” Turizm Mərkəzinə 65 minə yaxın turist səfər edib, hotel xidmətlərindən isə yerli və xarici turist olmaqla ümumilikdə 21 minə yaxın qonaq yararlanıb: “Qonaqların ölkə üzrə coğrafiyasına gəldikdə isə burada Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Rusiya Federasiyası, Türkiyə, həmçinin Hindistan, Pakistan və Filippindən olan turistlərin çoxluq təşkil etdiyini deyə bilərik”.
Məlumat üçün bildirək ki, Dövlət Turizm Agentliyinin tabeliyində fəaliyyət göstərən “Şahdağ” Turizm Mərkəzi QSC istər yay mövsümündə, istərsə də qış aylarında ziyarətçilərə müxtəlif növ turizm xidmətləri, əyləncələr, qonaqlamalar təklif edir. Mərkəzin geniş əraziyə sahib olması, burada müasir infrastrukturun yaradılması, eləcə də peşəkar kadrların mövcudluğu ilin bütün fəsillərində turistlərə yüksəkkeyfiyyətli xidmətlər göstərməyə şərait yaradır.

 

Turizm 2023-05-31 10:39:00