×
A
A
A
Sazlamalar

Azərbaycan taekvondoçusunun Bakıda keçirilən dünya çempionatında ilk rəqibi müəyyənləşib

Bakı, 29 may, AZƏRTAC

Azərbaycan taekvondoçusu Cavad Ağayevin Bakıda keçirilən dünya çempionatında ilk rəqibi bəlli olub.
AZƏRTAC xəbər verir ki, çempionatda 68 kiloqram çəki dərəcəsində çıxış edəcək millimizin üzvü 1/32 finalda qırğızıstanlı Eldar Kurmanaliyev ilə qarşılaşacaq. “Baku Crystal Hall”da təşkil olunan yarışın 1/64 final mərhələsində Qırğızısan təmsilçisi efiopiyalı Solomon Teferadan üstün olub.
Qeyd edək ki, Ulu Öndər Heydər Əliyevin 100 və Dünya Taekvondo Federasiyasının 50 illiyinə təsadüf edən çempionat “Öz gücünü alovlandır” şüarı altında təşkil olunub. İyunun 4-dək davam edəcək 26-cı dünya çempionatında 145 ölkədən 949 taekvondoçu 16 çəki dərəcəsində mübarizəyə qoşulub.
Çempionatda ölkəmizi Səyyad Dadaşov (54 kq), Qaşim Maqomedov (58 kq), Xanoğlan Kərimov (63 kq), Cavad Ağayev (68 kq), Eltac Qafarov (74 kq), Ələsgər Əliyev (80 kq), Taleh Süleymanov (87 kq), Həmidrza Bədriəliabadi (+87 kq), Minayə Əkbərova (46 kq), Patimat Abakarova (49 kq), Səmərrux Osmanova (53 kq), Fatimə Məcidova (62 kq) və Fəridə Əzizova (67 kq) təmsil edirlər.
Dünya çempionu olacaq idmançı aktivinə 140 reytinq xalı əlavə edəcək.
Çempionatda ümumilikdə 150-dən çox ölkədən 2000-ə yaxın qonaq iştirak edir. Bu münasibətlə çempionat çərçivəsində silsilə tədbirlər keçirilir.
Xatırladaq ki, Bakının yarışa ev sahibliyi etməsi barədə qərar ötən il qəbul olunub. Beynəlxalq Olimpiya Komitəsinin İsveçrənin Lozanna şəhərindəki inzibati binasında təşkil olunan və qurumun prezidenti Tomas Baxın qatıldığı yığıncaqda bu yarış üçün 3 ölkə namizədliyini versə də, Bolqarıstan son anda müraciətini geri götürüb. Nəticədə dünya çempionatını qəbul etməyə Azərbaycan və Çin iddia edib. Beynəlxalq qurum ölkəmizin bir sıra nüfuzlu yarışlara, taekvondo üzrə isə Avropa çempionatına, Qran-Pri, Olimpiadaya lisenziya xarakterli təsnifat turnirlərinə uğurla ev sahibliyi etməsini nəzərə alaraq, dünya çempionatının keçirilməsini də Azərbaycana həvalə edib. Beləliklə, taekvondo üzrə dünya çempionatı MDB məkanından Rusiyadan sonra ikinci dəfə Azərbaycanda təşkil olunur. Eyni zamanda, Azərbaycan Avropa ölkələri arasında Almaniya, Danimarka, İspaniya, Yunanıstan, Rusiya və Böyük Britaniyadan sonra dünya çempionatına ev sahibliyi edən yeddinci ölkədir.

İdman 2023-05-29 11:18:00