×
A
A
A
Sazlamalar

Görkəmli alim Aslan Məmmədlinin xatirəsinə həsr olunmuş tədbir keçirilib

Bakı, 27 may, AZƏRTAC

“Elm çırağı” İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində filologiya elmləri doktoru, professor Aslan Məmmədlinin 70 illiyinə həsr olunmuş anım tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə elmi ictimaiyyətin nümayəndələri, alimin ailə üzvləri, dostları və həmkarları iştirak ediblər.
Tədbir Bakı Slavyan Universitetində bir neçə nəsil yüksəkixtisaslı filoloq və dilçi-alim yetişdirmiş professor Aslan Məmmədlinin ömür yolunu, elmi və pedaqoji fəaliyyətini əks etdirən videoçarxın nümayişi ilə başlanıb.
“Elm çırağı” İctimai Birliyinin sədri, filologiya elmləri doktoru, professor Naidə Məmmədxanova çıxışında alimin keçdiyi şərəfli ömür yolundan və peşə fəaliyyətindən söz açıb, Aslan müəllimin həm ailədə və işdə, həm də elmi fəaliyyətində nümunəvi olduğunu vurğulayıb.
Mərasimdə alimin həmkarı Əməkdar elm xadimi, professor Lidiya Qranovskaya, tələbəsi Tofiq Abbasov, yaxın dostu AZƏRTAC-ın redaktoru Yaşar Quluzadə, “Bakinskiy raboçi” qəzetinin baş redaktorun müavini Əbülfəz Babazadə, filologiya üzrə fəlsəfə doktoru Səbinə İbrahimli, politoloq Fərhad Hüseynov və başqaları çıxış ediblər.
Tədbir çərçivəsində iştirakçılara Aslan Məmmədlinin vəfatından sonra işıq üzü görmüş iki kitabı təqdim olunub.
Bakı Musiqi Akademiyasının məzunları, ifaçılar və musiqiçilər müxtəlif musiqi nömrələri təqdim ediblər.

Elm və təhsil 2023-05-27 19:28:00