×
A
A
A
Sazlamalar

AzMİU tələbələrinə “PashaPay” şirkətində təcrübə və iş imkanları təklif olunub

Bakı, 25 may, AZƏRTAC

“PAŞA Holding” MMC-nin strateji aktivi olan “PashaPay” MMC-nin əməkdaşları Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) tələbələr üçün infosessiya keçiriblər. AzMİU-nun Təcrübə və Karyera Mərkəzinin təşkilatçılığı ilə keçirilən görüşün məqsədi tələbələrə şirkətin yeni layihəsi barədə məlumat vermək, onları bu layihəyə cəlb etmək və real iş imkanı yaratmaq olub.
Universitetdən AZƏRTAC-a bildirilib ki, “PashaPay” MMC-nin Partnyorlarla iş şöbəsinin müdiri Elçin Allahverdiyev tələbələrə şirkətin fəaliyyət istiqamətləri, “MilliÖn”, “m10” brendi, işə qəbul prosesi, şirkətdəki təcrübə proqramları və karyera imkanları barədə danışıb. O, həmçinin “PashaPay”in “m10” brendini təmsil etmək üçün tələbələri promo (təşviq) komandasına qoşulmağa səsləyib.
Layihə çərçivəsində tələbələrə satışla bağlı təlim keçiriləcək, bu işə marağı olan gənclər bir və ya iki ay müddətinə (dərs saatlarından kənar) ödənişli xidmətə cəlb olunacaqlar. Layihənin sonunda iştirakçılar sertifikatla təmin ediləcək. Layihədə fərqlənən iştirakçılar gələcəkdə “PashaPay” şirkətində işləmək imkanı əldə edəcəklər.

Elm və təhsil 2023-05-25 10:49:00