×
A
A
A
Sazlamalar

Zığ şosesində sərnişinlərin rahatlığı və təhlükəsizliyi üçün tədbirlər görülüb

Bakı, 25 may, AZƏRTAC

Vətəndaş müraciətləri əsasında Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən Zığ şosesi ilə Zeytun küçəsinin kəsişməsində iki mərhələli nizamlanan eyni səviyyəli piyada keçidi və avtobus dayanacaq məntəqəsi təşkil edilib.
BNA-dan AZƏRTAC-a bildirilib ki, layihədən əvvəl ərazidə problemlər var idi. Belə ki, ərazidə piyada keçidi çatışmazlığı olub. Bundan başqa, avtobus dayanacaq məntəqəsi olmayıb. Görülən işlər çərçivəsində yeni işıqfor obyektləri quraşdırılıb, çağırıcı qurğu ilə təmin edilib, asfalt üzərində xəbərdaredici iki komponentli boyalar və digər nişanlanma xətləri çəkilib, səkilər və panduslar inşa edilib, zəruri yol nişanları və məhəccərlər quraşdırılıb, avtobus dayanacaq məntəqəsi təşkil olunub.
Görülən işlərin nəticəsi olaraq ərazidə piyadaların və sərnişinlərin rahatlığı, eləcə də təhlükəsizlik səviyyəsi artırılıb.
İnşa edilmiş səkilər, panduslar, xüsusilə işıqfor dirəklərində quraşdırılmış çağırıcı qurğular əlilliyi olan şəxslərin istifadəsi üçün də uyğundur.

Nəqliyyat 2023-05-25 10:03:00