×
A
A
A
Sazlamalar

Aksiya zamanı ümumi tutumu 306 litr olan plastik tullantı təhvil verilib

Bakı, 24 may, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) və “Neptun” marketlər şəbəkəsinin birgə təşkilatçılığı ilə “Həzi Aslanov” metro stansiyası yaxınlığındakı “Neptun” marketin qarşısında “Tullantıları ekoçantaya dəyiş” aksiyası keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, vətəndaşların marağını və diqqətini çəkən həmin aksiya zamanı ümumi tutumu 306 litr olan plastik, 76 litr tutumu olan şüşə tullantı və 87 ədəd işlənmiş batareya təhvil verilib və əvəzində iştirakçılara ekoçanta təqdim olunub.
ETSN hər kəsi aksiyada fəal iştirak etməyə, tullantıların təkrar emalına dəstək olmağa, polietilen paketlərdən istifadəni azaltmağa, ekoçantalardan istifadə etməyə çağırır.
Qeyd edək ki, “Tullantıları ekoçantaya dəyiş” aksiyası mövsüm boyu davam edəcək və növbəti aksiyaların keçiriləcəyi ərazi və tarix barədə elan öncədən nazirliyin saytında (eco.gov.az) və sosial şəbəkə hesablarında paylaşılacaq.

Ekologiya 2023-05-24 17:29:00