×
A
A
A
Sazlamalar

“Şahdağ” Turizm Mərkəzinin imkanları beynəlxalq sərgidə tanıdılır – açıqlama

Bakı, 23 may, AZƏRTAC

“Şahdağ” Turizm Mərkəzi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən beynəlxalq “Riyad səyahət sərgisi”ndə iştirak edir.
Sərgini ziyarət edən qonaqlara “Şahdağ”ın yay və qış fəsillərində xarici turistləri qəbul etmə potensialı, xüsusən qış turizmi üçün burada bütün şəraitin yaradıldığı haqqında geniş məlumat verilir. Bu barədə AZƏRTAC-a “Şahdağ” Turizm Mərkəzinin mətbuat katibi Orxan Bədəlov məlumat verib.
“Bildiyiniz kimi, “Şahdağ” Turizm Mərkəzi xüsusən yay və qış mövsümündə yerli və xarici turistləri qəbul edir. Mərkəzimizdə xarici turistlərin vaxtlarının daha səmərəli və maraqlı keçirilməsi üçün bütün lazımi şərait yaradılıb. Düşünürəm ki, ölkəmizin turizm potensialının daha geniş auditoriyaya çatdırılması baxımından belə sərgilərdə təmsil olunmağımızın böyük əhəmiyyəti var. Nəzərinizə çatdırım ki, sərgidə dünyanın 55 ölkəsindən 300-dən çox turizm sənayesi nümayəndəsi iştirak edir. Sərgidəki milli stenddə “Şahdağ” Turizm Mərkəzi ilə yanaşı, Azərbaycan Turizm Bürosu, “Azərbaycan Hava Yolları” QSC və 13 yerli turizm sənayesi nümayəndəsi təmsil olunur. Sərginin 30 minədək ziyarətçini qəbul edəcəyi gözlənilir”, - deyə O. Bədəlov qeyd edib.

Turizm 2023-05-23 11:59:00