×
A
A
A
Sazlamalar

Raqif Abbasov: Gimnastlarımızın Avropa çempionu olması yaddaqalan və qürurverici hadisədir

Bakı, 22 may, AZƏRTAC

Bədii gimnastika üzrə 39-cü Avropa çempionatının Bakıda yüksək səviyyədə keçirilməsi ilə bağlı bütün idman ictimaiyyətini təbrik edirəm. Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ərəfəsində ölkəmizin Avropa çempionatına ev sahibliyi etməsi tarixi hadisədir.

Bu sözləri AZƏRTAC-a məxsusi müsahibəsində Bakı Şəhər Gənclər və İdman Baş idarəsinin rəisi Raqif Abbasov deyib.
Raqif Abbasov qeyd edib ki, qrup hərəkətləri komandamızın əldə etdiyi qızıl, aşağı yaş qrupu üzrə kollektivimiz və fərdi idmançımızın qazandığı bürünc medallar böyük nailiyyətdir. Bu, məşqçilərin, idmançıların, federasiyanın və Gənclər və İdman Nazirliyinin birgə zəhmətinin nəticəsidir. İdmanın gimnastika növü Avropa qitəsində çox inkişaf edib və ciddi rəqabət var.
“Gimnastikada mükafatçılarla digər yarış iştirakçıları arasında çox az xal fərqi olur. Bu az fərq, onu deməyə əsas verir ki, gimnastika üzrə yaxşı nəticənin əldə olunması olduqca çətindir. Olimpiya idman növü olan gimnastika ölkəmizdə çox sevilir. Mehriban xanım Əliyevanın Federasiyaya rəhbərliyi dövründə əldə olunan nailiyyətlər bütövlükdə ölkəmizdə uğurlu idman siyasətinin daha bir əyani təsdiqidir. İdmanın digər növləri kimi, nüfuzlu beynəlxalq gimnastika turnirlərinə də ev sahibliyinin Azərbaycana həvalə olunması məhz bu uğurların sayəsində mümkün olub. Azərbaycan gimnastlarının Avropa çempionu olması da, bu baxımdan yaddaqalan və qürurverici hadisədir. Ümidvarıq ki, artıq dünya və Avropa çempionatlarında nəticə göstərmiş qızlarımız bizləri Olimpiya Oyunlarında da medallarla sevindirəcəklər”, - deyə R.Abbasov əlavə edib.

İdman 2023-05-22 16:51:00